İlon Mask ABŞ-ın iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edib | Banco.az

İlon Mask ABŞ-ın iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask xərclərin azaldılmaması halında ABŞ-ın “iflas edəcəyini” söyləyib.

Banco.az xəbər verir ki, ABŞ-lı milyarder və Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask federal xərclərin azaldılmasının zəruri olduğunu vurğulayaraq, büdcə kəsiri məsələsində heç bir tədbir görülmədiyi təqdirdə ölkənin iflasa uğrayacağını bildirib.

Mask Oval Ofisdə DOGE-nin fəaliyyəti ilə bağlı qiymətləndirmələr aparıb.

DOGE-nin məqsədinin demokratiyanı yenidən bərpa etmək olduğunu qeyd edən Mask hökumət və xalq arasında sağlam bir geri əlaqənin (feedback) olmaması və bürokratiyanın üstünlük təşkil etməsi halında demokratiyanın mənasız qalacağını bildirib.

Mask, "Əgər insanlar səs verə bilmirsə və öz iradələrinin Prezident, Senat və Nümayəndələr Palatası kimi seçilmiş nümayəndələr tərəfindən əks olunmasını təmin edə bilmirsə, bu o deməkdir ki, biz demokratiyada deyil, bürokratiyada yaşayırıq" deyə vurğulayıb.

Bürokratiyanın xalqa qarşı məsuliyyət daşımalı olduğunu qeyd edən Mask büdcə kəsiri probleminin həll olunmalı olduğunu bildirib. O, bu məsələyə biganə yanaşıldığı təqdirdə ölkənin "iflas edəcəyini" bəyan edib.

Mask vurğulayıb ki, yalnız milli borcun faiz ödənişləri artıq Müdafiə Nazirliyinin büdcəsini üstələyir. O, "Müdafiəyə çox pul xərcləyirik. Lakin bu vəziyyət belə davam edərsə, ölkəni iflasa sürükləyəcəyik" deyə xəbərdarlıq edib.

Mask əlavə edib: "Federal xərclərin azaldılması bizim üçün seçim deyil, məcburiyyətdir."

DOGE-nin bəzi tapıntılarına da toxunan Mask bürokratiyada rəsmi maaşı bir neçə yüz min dollar olan, lakin vəzifədə olduğu müddətdə on milyonlarla dollar sərvət toplamış kifayət qədər insanın mövcud olmasının onlara qəribə göründüyünü bildirib.

ABŞ Xəzinədarlığında əsas nəzarət mexanizmlərinə ehtiyac olduğunu qeyd edən Mask ödənişlərin kateqoriyalara bölünməməsi səbəbindən nazirliklərin auditdən keçə bilmədiyini vurğulayıb.

"Əgər vəsaitlər düzgün idarə olunmursa, vergi ödəyicilərinin pulları məntiqli və şəffaf bir təsdiq prosesi ilə xərclənmirsə, bu, doğru deyil. Vergilər insanların əhəmiyyət verdiyi sahələrə ağıllı şəkildə yönəldilməlidir. Bu, sadəcə sağlam düşüncədir, nə qəddar, nə də radikal bir yanaşmadır" – deyə Mask əlavə edib.

Bundan başqa, Mask bəzi Sosial Müdafiə ödənişlərini alan şəxslərin 150 yaşında olduğunu iddia edib.

Hökumətin "düşməncəsinə ələ keçirilməsini təşkil etməsi" və bunu şəffaf olmayan şəkildə həyata keçirməsi ilə bağlı tənqidlərə cavab verən Mask, "İnsanlar genişmiqyaslı hökumət islahatı üçün səs verdilər və bunu əldə edəcəklər" deyə bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram