Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 88,4 mln. AZN məbləğində güzəştli kredit verib.
Banco bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən xəbər verir.
2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 2,7 mindən artıq sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 6,2 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə axşamı Gədəbəy rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd edilir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar 5,374 min investisiya layihəsinin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 197,5 mln. manat məbləğində güzəştli kredit alıblar. Həmin layihələr çərçivəsində 24 mindən artıq yeni iş yeri yaradılıb.
“Cümə axşamı tədbir çərçivəsində 61 sahibkarlıq subyekti 1,4 mln. manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri heyvandarlıq, tərəvəzçilik, üzümçülük, quşçuluq və digər sahələrdə layihələrin reallaşdırılması üçün ayrılıb. Bu layihələrin kreditləşdirilməsi hesabına 120-dən artıq yeni iş yerinin açılması mümkün olacaq”, – deyə məlumatda vurğulanır