İkinci yarım illiyin prioritetləri bəlli oldu | Banco.az

İkinci yarım illiyin prioritetləri bəlli oldu

Banco.az xəbər verir ki, 14 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2015-ci ilin 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı Bakıda ilk Avropa Oyunlarının keçirilməsinin tarixi əhəmiyyətli hadisə olduğunu bildirərək, tədbirin qısa müddət ərzində çox böyük uğurla təşkil olunduğunu vurğuladı.

R.Aslanlı 2015-ci ilin 6 ayı üzrə qlobal iqtisadiyyatda qeyri müəyyənlik və gərginliyin hökm sürdüyü bir şəraitdə Azərbaycan iqtisadiyyatında artım tempinin qorunub saxlandığını qeyd etdi. Komitə sədri cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində cari ilin 6 ayı üzrə qeyri-neft sektorunun ümumi artımın lokomotivi rolunda çıxış etdiyini vurğuladı. R.Aslanlı hesabat dövründə ölkə iqtisadiyyatının 5.7 %, qeyri-neft sektorunun 9.2% artım nümayiş etdirdiyini bildirdi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin düzgün və effektiv icrası nəticəsində dünya iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyaların ölkənin kapital bazarlarına mənfi təsirinin qarşısının alındığını vurğuladı. Sədr hesabat dövründə qiymətli kağızlar bazarında əməliyyatların həcmində artımın 20% təşkil etdiyini vurğuladı. Natiq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun Milli Məclisin plenar iclasında qəbul edilməsini mühüm hadisə kimi qiymətləndirdi.  

Ən sərfəli kredit üçün müraciət et



İclasın davamında QKDK-nın sədrinin müavinləri və Aparatının rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən 2015-ci ilin 6 ayı üzrə həyata keçirilmiş tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat verdilər.
Daha sonra Açıq hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin 2015-ci ilin 6 ayı üzrə və Kapital bazarlarının informasiya sistemlərinin yaradılması alt-layihəsinin icra statusuna dair hesabat dinlənildi və bununla bağlı fikir mübadiləsi aparıldı.

Hesabat iclasını yekunlaşdıran Kollegiyanın sədri R.Aslanlı 2015-ci ilin ikinci yarım illiyinin əsas prioritetinin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun tətbiqi ilə əlaqədar yeni hüquqi və əməliyyat mühitinin yaradılması olduğunu bildirərək, müvafiq daxili reqlamentlərin hazırlanması, yeni ticarət, hesablaşma və nəzarət sisteminin müəyyən edilmiş qrafik üzrə tətbiqinin təmin edilməsi, o cümlədən vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində konkret tapşırıqlarını verdi.  

 

Ən sərfəli krediti almaq üçün müraciət et