İki ölkədə "Grok" çatbotu bloklandı | Banco.az

İki ölkədə "Grok" çatbotu bloklandı

Müəllif:Mehin Qasımova,Banco.az

İndoneziya və Malayziya İlon Maskın "Grok" süni intellekt sisteminə girişə məhdudiyyət tətbiq ediblər.

Banco.az xəbər verir ki, İndoneziyanın Rabitə və Rəqəmsal İşlər Nazirliyi Grok-a girişin müvəqqəti olaraq bloklandığını açıqlayıb.

Nazirlik bildirib ki, bu qərar qadınları, uşaqları və bütün cəmiyyəti süni intellekt vasitəsilə yaradılan yolverilməz məzmun riskindən qorumaq məqsədi daşıyır. Bəyanatda həmçinin Grok-un inteqrasiya olunduğu "X" sosial şəbəkəsindən dərhal izahat tələb edildiyi qeyd olunub.

"Grok" isə "X" platformasında narahatlığa görə üzr istəyirik, problemi həll etmək üçün çalışırıq mesajı paylaşıb.

Malayziya da oxşar addım atıb. Ölkənin internet tənzimləyicisi olan Malayziya Rabitə və Multimedia Komissiyası (CMMA)  açıqlayıb ki, effektiv təhlükəsizlik mexanizmləri tətbiq olunana qədər Grok-a giriş məhdudlaşdırılıb. Komissiya bildirib ki, süni intellekt tərəfindən yaradılan və Malayziya qanunlarını poza biləcək məzmunla bağlı şirkətə bildirişlər göndərilib, lakin onların cavabları Grok-un risklərini aradan qaldırmaq üçün yetərli hesab edilməyib.