İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Avropa İttifaqının (Aİ) “EU4Digital” proqramının nümayəndələri ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonaqlara Mərkəzin fəaliyyəti haqqında məlumat verib və Aİ-nin layihə çərçivəsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Daha sonra “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri İsmət Mehrəliyeva Mərkəzin innovativ layihələri haqqında ətraflı məlumat veriblər.
Proqramın nümayəndələrindən Aİ institutlarının rəqəmsal və texnologiya üzrə lideri Arturas Poliponis “EU4Digital” proqramının II mərhələsi haqqında təqdimat edib. Həmçinin “azexport.az” portalı və Rəqəmsal Ticarət Qovşağı ilə birgə həyata keçirilən “EU4Digital eCommerce Accelerator” proqramında iştirak, sahibkarların seçim mərhələsi və keçiriləcək təlimlər haqqında məlumat verib.
Görüşdə proqram çərçivəsində hazırlanan Şərq Tərəfdaşlığı ölkələrində elektron ticarətin qiymətləndirilməsi, qabaqcıl təcrübələr və tövsiyələrə dair hesabat təqdim olunub. Azərbaycanda bu sahədə əsas çağırışlar, sahibkarların Avropa bazarlarına çıxışı, qadınların e-ticarətdə rolunun artırılması və transsərhəd elektron ticarətin daha da asanlaşdırılması üçün müzakirələr aparılıb.
Qeyd edək ki, “EU4Digital” Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiyanı dəstəkləmək üçün Aİ-nin aparıcı regional proqramıdır. Proqram çərçivəsində İİTKM-in innovativ layihələri olan “azexport.az” portalı və Rəqəmsal Ticarət Qovşağı ilə birgə layihələr həyata keçirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!