Ifo Almaniyanın artım proqnozunu aşağı salıb | Banco.az

Ifo Almaniyanın artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ifo Almaniyanın artım proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, Mərkəzi Münhendə yerləşən Ifo institutu Almaniya iqtisadiyyatı ilə bağlı 2024-cü ilin dekabr ayında paylaşdığı və 2025-2026-cı illəri əhatə edən iqtisadi artım proqnozlarını yeniləyib.

Buna əsasən, institut cari il üçün ÜDM artım proqnozunu 0,4%-dən 0,2%-ə endirib. Ifo Almaniya iqtisadiyyatının 2026-cı ildə isə 0,8% böyüyəcəyini gözləyir.

Ölkədə ötən il 2,2%, fevral ayında isə 2,3% olan illik inflyasiyanın bu il orta hesabla 2,3% olacağı, 2026-cı ildə isə 2%-ə qədər enəcəyi proqnozlaşdırılır.

Ifo hesabatında qeyd edilir ki, ölkədə işsizlərin sayı bu il ötən illə müqayisədə cüzi artaraq 2 milyon 787 mindən 2 milyon 889 minə yüksələcək, gələn il isə yenidən 2 milyon 791 minə enəcək.

Hesabata görə, işsizlik səviyyəsinin 2025-ci ildə 6%-dən 6,2%-ə yüksələcəyi, 2026-cı ildə isə 6%-ə enəcəyi gözlənilir. Bununla yanaşı, məşğulluq səviyyəsinin bu il 46 milyon 82 mindən 46 milyon 60 minə düşəcəyi proqnozlaşdırılır.

Ifo Almaniya dövlət sektorunun ötən il 118,8 milyard avro olan büdcə kəsirinin bu il 93 milyard avroya enəcəyini, gələn il isə yenidən 107,8 milyard avroya yüksələcəyini proqnozlaşdırır.

Ötən il 248,7 milyard avro olan ölkənin cari əməliyyatlar balansının profisitinin bu il 187,8 milyard avroya enəcəyi, 2026-cı ildə isə 165,7 milyard avroya qədər azalacağı gözlənilir.

Ifo-nun proqnozlarına görə, yüksək faiz dərəcələri səbəbindən çətinlik yaşayan tikinti sektorunda istehsal bu il 0,3% daralacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram