İƏİT: Türkiyə beynəlxalq turizm məkanlarına görə 4-cü yerdədir | Banco.az

İƏİT: Türkiyə beynəlxalq turizm məkanlarına görə 4-cü yerdədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İƏİT: Türkiyə beynəlxalq turizm məkanlarına görə 4-cü yerdədir.

Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT)  “Turizm Tendensiyaları və Siyasətləri 2026” hesabatına əsasən, 2025-ci ildə İƏİT ölkələrinə gələn beynəlxalq turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 3,4 faiz artaraq 847 milyona çatıb və tarixi rekord yenilənib. Beləliklə, 2024-cü ildə qeydə alınan 8,1 faizlik güclü artımdan sonra turizm sektorunda yüksəliş tendensiyası davam edib.

İƏİT-in qiymətləndirməsinə görə, Yaxın Şərqdə davam edən münaqişələr, artan geosiyasi gərginlik, dəyişən səyahət vərdişləri və ekstremal hava hadisələri qlobal turizm bazarına təsir göstərməkdə davam edir. Xüsusilə Yaxın Şərqdəki qarşıdurmalar beynəlxalq səyahət axınını zəiflədib, xərcləri artırıb və sərnişinlərin inamına mənfi təsir göstərib. Hava nəqliyyatından daha çox asılı olan turizm istiqamətləri isə bu prosesdən daha ciddi zərər görüb.

Təhlükəsizlik, qiymətlər və mümkün ləğvlərlə bağlı narahatlıqlar turistlərin seçimlərinə də təsir edib. Hesabatda qeyd olunur ki, səyahətçilərin daha tanış və sərfəli istiqamətlərə üstünlük verməsi, daha qısa müddətli istirahət planlaşdırması və aşağı büdcəli seçimlərə yönəlməsi ehtimalı artır. Bu səbəbdən aviaşirkətlər, tur operatorları və digər turizm müəssisələri 2027-ci il və sonrakı dövr üçün planlarını yenidən nəzərdən keçirirlər.

Hesabata əsasən, 2019–2025-ci illər ərzində beynəlxalq turist sayını ən çox artıran ölkələr sırasında Yaponiya 34 faiz artımla birinci yerdə qərarlaşıb. Sonrakı yerləri 28 faiz artımla Norveç və 22 faiz artımla Danimarka tutub.

Türkiyə isə eyni dövrdə beynəlxalq turist sayını 21 faiz artıraraq bu göstərici üzrə dördüncü sırada yer alıb və pandemiyadan əvvəlki dövrlə müqayisədə turist sayını ən çox artıran ölkələrdən biri olub.

Digər tərəfdən, İƏİT-in üzv ölkələr arasında keçirdiyi sorğunun nəticələrinə görə, ölkələrin təxminən üçdə biri 2026-cı ilin sonunda turizm göstəricilərinin 2025-ci ilin səviyyəsini üstələyəcəyini və yeni rekordların qeydə alınacağını gözləyir. Bununla yanaşı, geosiyasi hadisələr, iqtisadi qeyri-müəyyənlik və iqlimlə bağlı risklər turizm sektoru üçün əsas çağırışlar olaraq qalmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram