İdeal borcalan nece olmalıdır? | Banco.az

İdeal borcalan nece olmalıdır?

Kredit verilişindən imtina zamanı banklar  bir qayda olaraq imtinanın səbəbini açıqlamaqdan yayınırlar. Əlbəttə, əksər hallarda kredit təşkilatları müraciət edənin kredit tarixçəsindən narazı qalır. Kredit tarixçəsi potensial borclanının qiymətləndirilməsi baxımından ən zəruri faktorlardan biri olsa da, yekun qərarın qəbul edilməsi təkcə bu amildən asılı deyil. Öz imkanlarınıza bələd olmaq üçün borcalanların hansı meyarlar əsasında seçilməsi ilə tanış olmağa dəyər.

Şəxsi keyfiyyətlər və nailiyyətlər

Gənclik və təcrübəsizlik – heç şühbəsiz ki, bank əməkdaşlarının gözündə sizin əleyhinizə olan tərəflərdəndir. Statistikaya əsasən, ödənişlər üzrə ən çox gecikmələrə də 20-25 yaş arası gənclər yol verir. Ona görə də banklar onlara etibar etməyə tələsmir. Potensial borcalanların qızıl dövrü isə 35- 55 yaş hesab olunur. 55-dən çox yaşı olanlar isə kredit əldə etməkdə çətinlik çəkir.

Ali təhsil mütləq əhəmiyyət daşımasa da, adətən təhsilli insanların gəlirləri daha çox olur və onlar maliyyə cəhətdən daha stabil olurlar. Yəni muzdla, müqavilə əsasında çalışan insanların gəlirləri, şirkətin nə qədər uğurlu fəaliyyət göstərməsindən elə də güclü asılı olmur, nəinki fərdi sahibkarlar və kiçik biznesmenlər. Cinsi ayrıseçkilik banklar üçün elə də xarakterik deyil, amma  ki, statistikaya əsasən yaşı 30-35 arası olan və 1-2 uşaq sahibi olan xanımlar daha etibarlı borcalan hesab olunur.

Öz maliyyə durumunu şişirtməyə çalışan insanlara isə bank əməkdaşları çox pis yanaşır. Onlar bunu bankı aldatmaq cəhdi kimi qiymətləndirirlər. Əgər hər hansı bir yalan faktın üstü açılarsa, onda imtina cavabı 100 faizlikdir. Belə borcalanlar, ümumiyyətlə, bankların qara siyahısına düşmək riski ilə üzləşirlər.

Gəlir və kredit tarixçəsi

Müştərinin kredit qabiliyyətinin qiymətləndirilməsinin ən vacib göstəricilərindən biri odur ki, onun bütün kredit və borc öhdəliklərinin cəmi onun aylıq gəlirinin 40-50%-ni üstələməli deyil.  Hər kəsə qidalanmaq, geyinmək, içmək və s. hesabları ödəmək kimi zəruri ehtiyacların olmasını anlamaq üçün dahi analitik olmağa gərək yoxdur. Kommunal xidmətlər üzrə borcların olması bizim banklar tərəfindən elə də araşdırılmır, halbuki , bu da borcalanın öz öhdəliklərinə qarşı münasibəti haqqında məlumat verə bilər.

Əgər müştəri ailəlidirsə və uşaqları varsa, onda böyük ehtimal ki, kredit mütəxəssisi ailə büdcəsi ilə tanış olmaq istəyəcək. Xatırladaq ki, kredit müqaviləsi nikah dövründə bağlanıbsa, hər iki həyat yoldaşı ona görə birgə məsuliyyət daşıyırlar.

Ən sərfəli kredit üçün müraciət et

İpoteka və avto kreditlər isə həm də ilkin ödənişin edilməsini tələb edir. İdeal borcalan ilkin ödəniş kimi aldığı mülkün 50%-ni ödəməyə hazır olmalıdır. Onun aylıq gəliri isə kreditin aylıq ödənişi 2-3 dəfə üstələməlidir.

Əlbəttə ki, kredit tarixçəsində gecikmələrin mövcudluğu  müştəriyə olan etibarı sual altına qoyur. Amma hər bankın müştərilərin kredit gecikmələrinə qarşı münasibəti fərqlidir. Bunu tətbiq edilən cərimələrdən də görmək mümkündür.

Bəzi banklar heç bir günlük gecikmələri belə bağışlamır, bəzən isə 5 günə qədər olan gecikmələrə göz yuma bilərlər. Ümumiyyətlə kredit tarixçəsinin olmaması belə yaxşı hal hesab olunmur. Belə halda banklar müştərinin təcrübəsizliyini əsas gətirir və onun öz borc öhdəliklərinə necə yanaşacağını tam bilmirlər.  

Yaşayış yeri və qanunla problemlər

 Banklar özlərinin fəaliyyət göstərdiyi ərazidə qeydiyyatda olan və ya daimi yaşayış icazəsi olan müştərilər ilə işləməyə daha çox həvəslə yanaşırlar. Amma əgər müştərinin Azərbaycan ərazisində işləmə icazəsi müvəqqətidirsə, onun kreditinin müddəti icazə müddətindən uzun olmur.

Azərbaycan Respublikasının qanunvericiliyi məhkumluq həyatı yaşamış insana kredit verməyi və ya məhkum olmuş şəxsə kredit almağı qadağan etmir. Belə hallara banklar kifayət qədər ehtiyatla yanaşır, məhkumluğun səbəbi araşdırılır, maliyyə fırıldaqlarına görə ittiham olunmuş şəxslər arzuolunan müştəri hesab edilmir.

Beynəlxalq təcrübə

Bank sistemi – ümumbəşəridir. Texnologiyanın inkişafı və banklararası beynəlxalq əməkdaşlığın genişlənməsi sayəsində müştərilərin ödəmə qabiliyyətinin qiymətləndirilməsi meyarları da getdikcə eyni standarlara yaxınlaşır. Lakin qanunvericilikdə olan bəzi nüanslar müxtəlif ölkələrdə fərqliliklər yarada bilir. Həmçinin ölkədə mövcud olan iqtisadi şərait də bu meyarlara təsir edir.

İdeal borcalana tövsiyələr 

Əgər oxuduqdan sonra belə bir nəticəyə gəldiniz ki, bankların ideal müştərilər haqqında təsəvvürlərinə uyğun gəlmirsiniz, kədərlənməyə dəyməz.  Bu hələ o demək deyil ki, sizin kredit almaq şanslarınız yoxdur. Sadəcə çox güman ki, kredit təşkilatı və ya bank sizə krediti özü üçün daha çox sərf edən şərtlər ilə təklif edəcək və ya zamin olmasını tələb edəcək. Yadda saxlayın ki, hər bir bankın öz qiymətləndirmə meyarları vardır.

Ən sərfəli krediti almaq üçün müraciət et