İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 115-ə çatdırılıb | Banco.az

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 115-ə çatdırılıb

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 115-ə qədər artırılıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentliyin) məlumat verilib.

Qeyd olunub ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Quba, Qusar, İsmayıllı, Qəbələ, Zaqatala, Kürdəmir, Mingəçevir, Sabirabad, İmişli, Salyan, Masallı, Lənkəran, Bərdə, Şəmkir və Tovuz da var.

Sözügedən tibb müəssisələrinin 82 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 18 %-i isə regionların payına düşür.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2 550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.
Vətəndaş göndəriş vərəqəsi olmadan müqaviləli tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı ilə bu linkdan tanış olmaq olar.

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et