İcbari tibbi sığorta və mikrosığorta ilə bağlı görüş keçirilib | Banco.az

İcbari tibbi sığorta və mikrosığorta ilə bağlı görüş keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda görüş keçirilib. Görüşdə Birliyin sədr müavini Vüqar Əliyev və  Birliyin əməkdaşları, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Görüşün müzakirə mövzusu “Strateji Yol Xəritəsi”nin 1.3-cü prioritetindən irəli gələrək Azərbaycanda yeni sığorta növləri – icbari tibbi sığorta və mikrosığorta məhsulları beynəlxalq təcrübədə tətbiqi, bununla bağlı araşdırmanın nəticələri, Azərbaycan üçün ən uyğun model, bu məhsulların Azərbaycanda tətbiq metodları barədə təqdimatlar edilib, müzakirələr təşkil edilib və sığortaçılar onları maraqlandıran məsələlərlə bağlı suallarını səsləndiriblər.

Görüşün birinci hissəsində İTS-in icbari tibbi sığorta mexanizmi barədə təqdimatı, İTS tərəfindən hazırlanan baza zərfi, Mingəçevir və Yevlaxdakı pilot layihələr, onların nəticələri, aşkarlanan problemlər və onların həlli məqsədilə irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən İTS-in İcbari Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov layihənin sosial əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, əhalinin tibbi sığorta təminatı, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, əhalinin təkcə Bakı deyil, bölgələrdə olan tibbi müəssisələri və eyni zamanda, sığortaya olan inam və etimadının möhkəmləndirilməsi, həmçinin, həkimlərin öz sahələri üzrə yüksək səviyyədə ixtisaslaşmasına gətirib çıxaracaqdır. Bununla yanaşı, icbari tibbi sığorta mexanizmində sığorta şirkətlərinin rolundan bəhs edilib, burada dövlətlə şirkətlərin əməkdaşlığının həm dövlət, həm də sığortaçılar üçün önəmi və faydaları qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Görüşün ikinci hissəsini mikrosığorta məhsullarına dair müzakirələr təşkil edib. Palata nümayəndələri Birliyin dəstəyi ilə sığorta şirkətlərindən əldə edilən mikrosığorta məhsulları üzrə bazar araşdırmasının nəticələri barədə sığortaçıları məlumatlandırıb. Burada mikrosığortanın əhəmiyyəti, beynəlxalq təcrübə, bazar araşdırmasının nəticələrindən asılı olaraq əhalinin mikrosığortaya olan tələbatı, mikrosığorta məhsulları tətbiq olunarsa ehtimal olunan penetrasiya faizi, üstünlük və faydaları barədə danışılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 Dekabr 2018-ci il tarixli fərmani ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sığorta bazarının inkişafı və genişləndirilməsi məqsədilə yeni icbari sığorta növləri – kənd təsərrüfatı sığortası, mikrosığorta, müştərək sığorta və icbari tibbi sığorta məhsullarının yaradılması prioritet olaraq müəyyən edilmişdir.