Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilir | Banco.az

Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilir

Aprelin 16-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransı keçirilib. İİTKM-in analitiki Nərmin Kazımlı KPMG, PwC, EY, Ekvita, Dentons kimi iri konsaltinq şirkətlərinin də iştirak etdiyi konfransda bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupu ilə yanaşı digər işçi qruplarının nümayəndələrinin də iştirakı ilə silsilə mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulub. Ardıcıl keçiriləcək mətbuat konfranslarında kompleks biznes islahatlarının icrası istiqamətində görülən işlər və son statistik göstəricilər barədə məlumat veriləcək.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovyeni onlayn qeydiyyat sistemi barədə KİV nümayəndələrinə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd kimi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, minumum məmur-sahibkar ünsiyyəti və vətəndaş məmnunluğunun artırılması vurğulanıb.

Xüsusilə qeyd olunub ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib.Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı  yerləşdirilib.

Bildirilib ki, yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir.

Ən sərfəli kredit üçün müraciət et

Statistik rəqəmləri diqqətə çatdıran Ə.Məmmədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 8,1%, fiziki şəxslərin sayı isə 28,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı 11,3% artıb. Cari ilin mart ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi 87,8% təşkil edib.

Xatırladırıq ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılmış, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir.

Konfransda KİV nümayəndələrinin sualları cavablandırılıb.