HR sadəcə personalın seçimindən daha geniş anlayışdır - Aynur Süleymanlı | Banco.az

HR sadəcə personalın seçimindən daha geniş anlayışdır - Aynur Süleymanlı

Suallarımızı  AccessBank-ın İnsan resursları departmentinin rəhbəri Aynur Süleymanlı cavablandırır

Aynur xanım, insan resursları üzrə mütəxəssis özündə hansı xüsusiyyətləri cəmləməlidir? Sanki bu öyrənilməklə yiyələnəcək bir peşə deyil, insanları tanımaq anadangəlmə sahib olduğun bir qabiliyyətdir.

Siz necə fikirləşirsiniz?

İnsan resursları üzrə mütəxəssisin bütün işi insanlarla ünsiyyət ilə əlaqəlidir və buna görə də bu sahə üzrə mütəxəssis ilk növbədə ünsiyyətcil olmalıdır. Mən həmçinin mühüm amil kimi qərəzsizliyi və dəyişkən mühitə uyğunlaşmaq bacarığını da qeyd edərdim. İnsan resurslarının idarə olunması sahəsindəki mütəxəssislər çox vaxt dəyişkən şəraitdə işləməli, müxtəlif insanlarla ünsiyyətə girməli və xarici dəyişikliklərə cəld reaksiya verməli olurlar.

 Bir HR (insan resursları) meneceri olaraq, işinizin əsas xüsusiyyətləri nədən ibarətdir? Gündəlik gördüyünüz işlərə nələr daxildir?

Mənim işimin əsas xüsusiyyətləri şirkətin inkişaf məqsədlərinə uyğun olaraq personalla işin təşkilindən ibarətdir. Buraya daxildir: personala olan tələbatın müəyyənləşdirilməsi və onların cəlb olunması üçün mənbələrin tapılması; əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin aparılması; personalın öyrədilməsinin və onların işgüzar karyeralarının inkişafının təşkili; effektiv kommunikasiyanın təşkili, kadr məsələləri üzrə informasiyaların bütün əməkdaşlara çatdırılması; effektiv motivasiya sisteminin işlənib hazırlanması; əməkdaşların əmək haqlarının hesablanması və ödənişi prosesinin təşkili.

HR deyərkən nədənsə həmişə işçiləri seçən bir şəxs insanın ağlına gəlir, amma işçinin müəssisədəki sonrakı taleyi, komanda quruculuğu (team building), işçilərin rotasiyası, onların motivasiya edilməsi və s. vəzifələr də HR mütəxəssisinin və ya departamentinin üzərinə düşür. Bu sahədə AccessBank-da hansı praktika tətbiq edilir?

Əlbəttə, HR sadəcə personalın seçilməsindən daha geniş anlayışdır və AccessBank-ın timsalında bunu açıq-aydın görmək olar. İşimin xüsusiyyətlərini qeyd edərkən mən çoxlu funksiyaları sadaladım. AccessBank-ın praktikasında bütün bu funksiyalar HR departamentinin üzərinə qoyulub və bütün departamentin əsas vəzifələridir.

Bildiyim qədər AccessBankda işçilərin təhsili, təlimi, treninqi, özünü inkişafı məsələləri ilə ayrıca bir şöbə məşğul olur, bu sahədə əsasən hansı işlər həyata keçirilir?

AccessBank-da əməkdaşların öyrədilməsi və inkişafı sisteminə çox böyük diqqət yetirilir. Bu prosesin daha çox effektivliyini təmin etmək üçün əməkdaşların peşə təlimi ilə hər bir biznes departamentinin tərkibindəki təlim şöbələri məşğul olurlar. Bu, istər AccessBank-ın treninq mərkəzində, istərsə də iş yerlərində əməkdaşların təlimini daim təşkil etməyə imkan verir və treninq materialları daim yenilənir. Öz növbəsində HR bu prosesin təşkilinə dəstək verir. HR həmçinin soft skills təlimləri ilə bağlı ehtiyacları aşkara çıxarır və bu təlimlərin əməkdaşlara öyrədilməsi prosesini təmin edir.

Maddi və qeyri-maddi motivasiyanın hansı növlərindən yararlanırsınız?

Ən sərfəli kredit üçün müraciət et

AccessBank-da personalın motivasiyası sisteminə çox böyük diqqət yetirilir. Bununla əlaqədar olaraq əməkdaşların maddi və qeyri-maddi motivasiyası sistemi işlənib hazırlanıb. Bizdə maddi motivasiya rəqabətli əmək haqqından və əməkdaşların mükafatlandırılması üzrə geniş sistemdən ibarətdir. Həmçinin əməkdaşlar üçün kreditlər, pulsuz tibbi sığorta, təlim haqqının ödənilməsi və s. formalarda maddi qeyri-pul motivasiyasından istifadə olunur. Qeyri-maddi motivasiya növlərinə gəlincə, AccessBank-da kubokların, təşəkkürnamələrin, ən yaxşı əməkdaş adının verilməsindən, korporativ tədbirlərdən istifadə olunur. Və əlbəttə ki, kollektiv və komandanın daxilindəki mühit də mühüm motivasiya amilidir.

Bank işçiləri tez-tez öz iş yerlərini dəyişir. Onlar, yəni gənclər iş yerini seçərkən daha çox nəyə diqqət etməlidir? Bankı və ya digər təşkilatı seçərkən ilk öncə nəyə fikir verilməlidir?

Yaxşı olar ki, maraqlarına uyğun iş seçsinlər. Seçilmiş vəzifə istər peşə bacarıqlarının, istərsə də karyeranın inkişafına imkan verməlidir. Mən gənclərə həmçinin məsləhət görərdim ki, təşkilatın reputasiyası, əməkdaşlarına münasibəti, kollektivdəki emosional şərait barədə informasiyaları öyrənsinlər.

Gənclər bugünkü yüksək tələblərə cavab vermək üçün öz üzərilərində necə işləməlidirlər?

Öz üzərində işləmək inkişafın vacib şərtidir. Təkcə peşə biliklərinə yiyələnməyə can atmayın, həm də meydana çıxan problemləri aşkar etməyi və onların həllini tapmağı öyrənin.

Gənclərin bank və maliyyə sahəsinə marağı yüksəkdir. Bu sahənin təcrübəli insanı kimi öyrənmək istərdik ki, insanların müsahibə işə qəbul vaxtı ən çox etdiyi səhvlər, məqamlar hansılar olur?

Müsahibədə namizədlərin ən çox yayılmış səhvlərindən biri yayğın və səthi cavablardır. Konkret sualın müqabilində konkret məlumat vermək lazımdır. Bu məlumatın köməyi ilə sizin iddia etdiyiniz vəzifəyə uyğun olub-olmadığınızı müəyyənləşdirmək olar. Həmçinin işə düzəlmək istədiyiniz şirkət barədə heç bir məlumatınızın olmamasını və ya az olmasını səhv hesab edirəm. Yaxşı olar ki, namizəd hələ müsahibədən əvvəl hansı şöbəyə düşmək istədiyi və vəzifələrinin nədən ibarət ola biləcəyi barədə təsəvvürə malik olsun.

İstərdik təcrübənizdən maraqlı və məzəli bir hadisələrdən birini danışasınız? Müsahibə və ya işə qəbul zamanı hansı maraqlı və məzəli hadisələrlə qarşılaşmısınız?

İşə qəbul zamanı baş vermiş kiçik bir əhvalatı xatırlayıram. Müsahibəyə dəvət olunan namizədlər AccessBank-ın formasını doldururlar, onun qrafalarından biri belədir: ailə vəziyyətiniz. Namizədlərdən biri bu qrafada yazmışdı: ailə vəziyyətiniz: normal J

Sonda Banco.az izləyicilərinə və Banco.az saytına sözlərinizi, arzularınızı öyrənmək istərdik.

Sizin bütün oxucularınıza arzu edirəm ki, özlərini tam reallaşdıra biləcəkləri fəaliyyət sahəsini axtarmaqdan qorxmasınlar. Uğurlar!!!

Banco.az / Könül Soltanova

 

Ən sərfəli krediti almaq üçün müraciət et