Müəllif:Ayşən İmanova/Banco.az
Yapon avtomobil istehsalçısı “Honda Motor” 2025-ci maliyyə ilinin birinci yarısında xalis mənfəətini gözlənilmədən illik müqayisədə 19,7% azaldıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bildirilir ki, aprel-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 616,3 milyard yenlə müqayisədə 494,7 milyard yen (3,26 milyard dollar) təşkil edib. Şirkətin ötən ilin son maliyyə yarısında gəliri 12,4% artaraq 10,8 trilyon yen olub.
Əməliyyat mənfəəti 6,6% artaraq 742,61 milyard yen təşkil edib. Xüsusilə, avtomobil seqmentində bu rəqəm 14,4% azalıb (258 milyard yenə qədər), motosiklet istehsalında isə 28,6% artıb (325,8 milyard yenə qədər).
İlin birinci maliyyə yarısında avtomobillərin pərakəndə satışı Yaponiyada 332 min ədəd (artım 2,3 dəfə), ABŞ-də 723 min ədəd (artım 2,1 dəfə), Çində 381 min ədəd (artım 62%) təşkil edib. Motosiklet satışı Hindistanda 2,881 milyon ədəd (artım 2,3 dəfə), Vyetnamda 1,113 milyon ədəd (artım 2,1 dəfə), İndoneziyada 2,453 milyon ədəd (artım 2,1 dəfə) təşkil edib.
“Honda” 2025-ci ilin martında başa çatacaq cari maliyyə ili üçün əməliyyat mənfəəti proqnozunu 1,42 trilyon yen səviyyəsində təsdiqləyib. Xalis mənfəət proqnozu 1 trilyon yendən 950 milyard yenə endirilib, gəlir isə 20,3 trilyon yendən 21 trilyon yenə qaldırılıb.
Bundan əlavə, şirkət may ayında təsdiqlənmiş 300 milyard yen proqramına əlavə olaraq 100 milyard yen dəyərində səhmləri geri alacağını açıqlayıb.