Müəllif - Eldar Kərimov/Banco.az
Yaponiya avtomobil istehsalçıları Honda Motor və Nissan Motor şirkətlərin inteqrasiyası ilə bağlı danışıqları dayandırmaq qərarına gəliblər. Bu barədə onların rəsmi açıqlamasında bildirilir.
Honda və Nissan belə qənaətə gəliblər ki, inteqrasiyadan imtina etmək və avtomobil sənayesində sürətli dəyişikliklər fonunda "qərarların daha sürətli qəbul edilməsinə və biznes strategiyalarının həyata keçirilməsinə" yönəlmək daha məqsədəuyğundur.
Şirkətlər səhmlərin mübadiləsi, Nissan-ın Honda-nın 100% törəmə şirkətinə çevrilməsi, eləcə də Honda-nın Direktorlar Şurasında üstünlüyə malik olacağı birgə holdinqin yaradılması imkanlarını müzakirə edirdilər.
İndi Honda və Nissan strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq ağıllı texnologiyalar və elektrik avtomobilləri dövrünə yönələcək.
Eyni zamanda, Honda, Nissan və Mitsubishi Motors arasında üçtərəfli əməkdaşlıq strukturu haqqında qarşılıqlı anlaşma memorandumu da ləğv olunub.
Tokio birjasında qiymət dəyişiklikləri:
- Honda səhmləri 2,1% bahalaşıb
- Mitsubishi səhmləri 0,8% bahalaşıb
- Nissan səhmləri 0,3% ucuzlaşıb.