"Holcim (Azerbaijan)"ın səhmləri ucuzlaşmaqda davam edir | Banco.az

"Holcim (Azerbaijan)"ın səhmləri ucuzlaşmaqda davam edir

Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin (Qaradağ Sement Zavodu) səhmlərinin alqı-satqısı üzrə növbəti əqd bağlanılıb.

BFB-yə istinadən xəbər verilir ki, əqd müəssisənin 47 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar 35 manatdan alınıb-satılıb.

Xatırladaq ki, BFB-də Azərbaycanın aparıcı sement istehsalçısının səhmləri ilə bağlı bundan əvvəlki sövdələşmələr mayın 2-də və aprelin 19-da baş tutub. Həmin vaxt “Holcim (Azerbaijan)”ın müvafiq olaraq 46 səhmi 35,5 manatdan və 93 səhmi 37 manatdan “əl dəyişdirib”.

Başqa sözlə, təxminən 2 ay ərzində müəssisənin səhmləri 2 manat və yaxud 5,4% ucuzlaşıb. Səhmdar cəmiyyətin 31 812 880 manatlıq nizamnamə kapitalının hər birinin nominal dəyəri nominal dəyəri 20 manat olan 1 590 644 səhm əsasında formalaşdığını nəzərə alsaq, sement istehsalçısının bazar dəyərinin 58 853 828 manatdan 55 672 540 manata düşdüyünü demək olar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Qaradağ Sement Zavodu 2016-cı ili 27 mln. manat xalis zərərlə başa vurub. 

Mənbə: Report.az