Hökumətin bu il pensiya xərcləri nə qədər olub? | Banco.az

Hökumətin bu il pensiya xərcləri nə qədər olub?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 824,3 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 68,8 mln. manat və ya 9,1% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, vəsaitin 97,4%-ni pensiya xərcləri təşkil edib.

2017-ci ilin üç ayı ərzində əhaliyə 21,5 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 20%-i hamiləliyə və doğuma görə, 24%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,8%-i dəfn üçün, 39,2%-i isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

2017-ci il aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 318,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6%-i təşkil edir. 

Ən sərfəli kredit üçün müraciət et

Onların 59,3%-i yaşa, 29,2%-i əlilliyə, 11,5%-i isə ailə başçısını itirməyə görə pensiya alır.

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% artaraq 200,3 manat təşkil etmiş və orta aylıq əmək haqqının 38,9%-ə bərabər olub.

2017-ci il aprelin 1-i vəziyyətinə 374,9 min nəfərə sosial müavinətlər təyin olunub. 

Mənbə: Apa.az