Müəllif:Ayşən İmanova/Banco.az
Hindistan bu ilin noyabrında 14,86 milyard dollar dəyərində qızıl idxal edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin noyabr ayı ilə müqayisədə dörd dəfə, bu ilin oktyabr ayı ilə müqayisədə iki dəfə çoxdur və ümumilikdə tarixi rekorddur.
Həmçinin yayda Hindistanda qızıla idxal rüsumları kəskin şəkildə azalıb - 15%-dən 6%-ə. Analitiklər belə tədbirlərin qızıla tələbi artıracağını proqnozlaşdırırdılar.
İlin cəmi 11 ayında Hindistana qızıl idxalı 58,676 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 1,5 dəfə çoxdur.
Qeyd edək ki, özünün istehsalı olmasa da, Hindistan dünyada qızılın ən böyük istehlakçılarından biridir. İlin birinci yarısının nəticələrinə əsasən, ölkə 19,103 milyard dollar dəyərində, demək olar ki, 305 ton qızıl idxal edib.