Hindistan hökumətindən sərt addım: Qızıl və gümüş idxalına yeni rüsum | Banco.az

Hindistan hökumətindən sərt addım: Qızıl və gümüş idxalına yeni rüsum

Müəllif: Mehin Qasımova, Banco.az

Hindistan hökuməti artan qiymətli metal idxalını nəzarətdə saxlamaq və ölkənin valyuta ehtiyatlarını qorumaq məqsədilə qızıl və gümüşə tətbiq edilən idxal vergilərini kəskin şəkildə artırıb.

Banco.az xəbər verir ki, yeni qərara əsasən qızıl və gümüşə tətbiq olunan idxal rüsumları 6 faizdən 15 faizə yüksəldilib.

Məlumata görə, hökumət bu addımla ölkəyə böyük həcmdə qiymətli metal axınının qarşısını almağı və xarici valyutaya olan tələbi azaltmağı hədəfləyir. Rəsmilər hesab edir ki, qızıl və gümüş külçə idxalının azalması Hindistan rupisi üzərindəki təzyiqin zəifləməsinə kömək edə bilər.

Qeyd edək ki, Hindistan dünyada ən böyük qızıl istehlakçılarından biri hesab olunur. Ölkədə toy mövsümləri və festivallar zamanı qızıl tələbatı ənənəvi olaraq yüksək olur. Bu isə idxal xərclərinin artmasına və cari əməliyyatlar balansına əlavə yük yaradır.

Analitiklərin fikrincə, idxal vergilərinin artırılması daxili bazarda qızıl qiymətlərinin bahalaşmasına səbəb ola bilər. Bununla yanaşı, bəzi ekspertlər qeyri-rəsmi qızıl ticarətinin və qaçaqmalçılıq riskinin də arta biləcəyini istisna etmirlər.