Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi hər il sabit artmaqda davam edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətidən “APA-Economics”ə verilən məlumata görə, təkcə cari ilin ilk yeddi ayı ərzində aeroport 2016-cı ilin eyni dövrü ilə müqayisədə 30% daha çox sərnişinə xidmət göstərib: “Beləliklə, aeroport yaxın zamanda regionda əsas hablardan biri olmaq kimi özünün əsas məqsədinə çatır”.
Fəaliyyətini maneəsiz genişləndirmək və sərnişinlərə fasiləsiz xidmət göstərilməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu “Amadeus” şirkəti ilə birgə bulud texnologiyası üzrə aerport idarəetmə sisteminə əsaslanan ilk tam avtomatlaşdırılmış həlli təqdim edib. Sözü gedən bulud texnologiyası həlli çərçivəsində təqdim olunan xidmətlərə baqajın idarəolunması sistemi, hava limanının əməliyyat məlumat bazası, uçuş məlumatlarının təsviri sistemi və digərləri daxildir.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Amadeus” şirkətinin yeni biznes layihələr üzrə Baş vitse-prezidenti Fransisko Perez-Lozao əməkdaşlıq haqqında müvafiq razılıq əldə ediblər.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda iki sərnişin terminalı mövcuddur və illik 9 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulub. Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün müasir aviasiya və texnoloji tələblərə uyğun tikilən yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.