Həyatın və daşınmaz əmlakın icbari sığorta mexanizmində dəyişiklik ediləcək | Banco.az

Həyatın və daşınmaz əmlakın icbari sığorta mexanizmində dəyişiklik ediləcək

Sığorta bazarının tənzimləyici orqanı hesab olunan Maliyyə Nazirliyi bügun öz işinə başlayan V Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF) bir sıra yeniliklər barəsində məlumatı diqqətə çatdırıb.

Forumda Azərbaycanın Maliyyə naziri Samir Şərifov yaxın zamanlarda həyat sığortası və daşınmaz əmlak sığortası ilə bağlı yeni mexanizmlərin hazırlanacağını bildirib.

"Həyat sığortasının hətta icbari qaydada inkişaf etdirilməsi belə, gözlənilən nəticələri vermədi. Bu səbəbdən də həyat sığortası sahəsində daha səmərəli və əlverişli mexanizmlərin tətbiqi planlaşdırılır. Hal-hazırda daşınmaz əmlak sığortasının qanunda da icbari qaydada nəzərdə tutulmasına baxmayaraq, insanlar hələ də bu xidmət növündən lazımi səviyyədə istifadə etmirlər. Yeni format faciəvi risklərdən sığorta üzrə xidmət çeşidinin yaradılmasını nəzərdə tutur. Hal-hazırda Maliyyə Nazirliyi əhalinin maliyyə imkanlarının nəzərə alınması şərtilə, daşınmaz əmlak sığortasının genişləndirilməsi üzrə effektiv metodların tətbiqi məqsədilə Swiss Re və Munich Re şirkətləri tərəfindən təklif olunan variantları nəzərdən keçirir. Bu məsələnin tam şəkildə nəzərdən keçirilməsi üçün konkret tarix müəyyən olunmayıb. Çünki bu məsələ yüksək diqqətlilik və ehtiyatlılıq tələb edir", deyə S.Şərifov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən sığorta növləri İcbari Sığorta Bürosu tərəfindən tənzimlənir.

Sevinc İbadova/Banco.az