Ötən il dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən 6 rəy, yenidən baxılma ilə bağlı isə 3 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ilk dəfə olaraq 1 rəy maliyyə auditi üzərindən verilib: "Rəylərin auditlər üzrə verilməsi təcrübəsinə keçid də ortamüddətli dövr üçün müəyyənləşdirdiyimiz hədəflərdən biri idi.
Rəylərlə əldə edilmiş nəticələrin bir hissəsini kəmiyyət ifadəsində hesablamağa çalışmışıq. Belə ki, 2023-cü ildə verilmiş rəylərlə 1,35 milyard manatdan çox uyğunsuzluğun olduğu müəyyən edilib. Bu məbləğin əsas hissəsini eyni gəlirin ayrı-ayrı illərdə 2-ci dəfə tanınması və vahid büdcə təsnifatına (VBT) uyğun nəzərdə tutulmama və icra təşkil edib", - V. Gülməmmədov bildirib.
O qeyd edib ki, fəaliyyət haqqında hesabatda uyğunsuzluq kimi göstərilən məbləğin təxminən 218 milyon manatı 2024-cü ilin dövlət büdcəsinin layihəsində nəzərə alınmaqla müvafiq qaydada düzəldilib: "Bunu da ali audit orqanının təsirini səciyyələndirən göstəricilərdən saya bilərik".
Beləliklə, hesabat ilində 66,5 milyon manat vəsaitin Hesablama Palatası tərəfindən, 0,9 milyon manatın hüquq-mühafizə orqanları tərəfindən bərpa edilib.
Bundan əlavə, maliyyə hesabatları üzrə 254,7 milyon manat, büdcə hesabatları üzrə 218,8 milyon manat məbləğində təhrif (uyğunsuzluq) üzrə düzəliş aparılıb.
"Hesabat ilində qanunun tələbinə uyğun olaraq audit olunan qurumların bank və xəzinə hesabının bağlanması barədə təqdimatların verilməsi və ya inzibati cəzanın tətbiqi ilə bağlı hər hansı addım atılmayıb və görülən tədbirlər yalnız qarşılıqlı dialoq əsasında həyata keçirilib", - V. Gülməmmədov əlavə edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!