2015-ci ilin fevral ayında Hesab.az portalı növbəti rekorda imza atmışdır. Bu barədə Banco.az portalına daxil olan məlumata əsasən məlumat veririk. Belə ki, yarandığı gündən bu günə kimi Hesab.az vasitəsilə həyata keçirilən ödənişlərin ümumi dövriyyəsi rekord həddi, 100 milyon manatı keçmişdir. Həmçinin, fevral aynda 7 milyonuncu əməliyyat həyata keçirilmiş və bütövlükdə orta günlük ödənişlərin həcmi maksimum səviyyəyə çatmışdır.
Qeyd etmək lazımdır ki, ötən ilin noyabr ayında Hesab.az vasitəsilə 6 milyonuncu əməliyyat həyata keçirilmişdi. Cəmi 3 ay ərzində əlavə 1 milyon əməliyyat həyata keçən Hesab.az, ölkənin ən böyük və ən etibarlı onlayn ödəmə portalı mövqeyini saxlamaqda davam edir.
155 mindən çox qeydiyyatlı istifadəçisi olan Hesab.az portalının təsisçisi və icraçı direktoru Fərid İsmayılzadənin sözlərinə görə, "Hesab.az portalını yaratmaqda məqsədimiz insanların həyatını asanlaşdırmaq və onların vaxtlarına qənaət etməsi üçün imkan yaratmaqdı. Qısa bir müddət ərzində rekord həcmlərdə əməliyyatın həyata keçirilməsi ölkəmizdə onlayn ödəmə vərdişlərinin gözlədiyimizdən daha sürətlə formalaşdığını göstərir. Biz çox şadıq ki, bu vərdişlərin formalaşmasında Hesab.az portalı və onun yüksək təhlükəsizlik standartlarına cavab verən infrastrukturunun rolu əvəzsiszdir. Hesab.az portalı olaraq biz sadəcə insanların vaxtlarına qənaət etməsi üçün imkan yaratmırıq, habelə ölkədə nağdsız ödənişlərin artmasına dəstək verərək ölkə iqtisadiyyatının stimullaşdırılmasında kiçik də olsa rol oynayırıq. Çalışacayıq ki, təqdim etdiyimiz onlayn ödəmə xidmətlərinin sayını daha da artırmaqla insanların bu etimadını doğruldaq. İstifadəçilərimizin rahatlığı üçün bu il bir çox əlavə yeniliklərin tətbiqi nəzərdə tutulub"