Hərracda satılan dollar niyə yoxa çıxır? | Banco.az

Hərracda satılan dollar niyə yoxa çıxır?

Artıq bir neçə gündür ki, bankların əksəriyyəti müştərilərinə dollar satmaqdan imtina edir.

Mərkəzi Bankın həftədə iki dəfə keçirdiyi hərracda isə banklar iştirak edir və dollar alır. Ancaq hazırda ölkədə fəaliyyət göstərən 30-ya yaxın bankdan yalnız 6-sı müştərilərinə dollar satır. Satılan dolların həcmi isə 50-100 dollar civarındadır.

Müştərilər üçün isə 100 dollar kifayət qədər az məbləğ hesab olunur. Bayram ərəfəsində olduğumuz üçün müştərilərə xaricə getmək üçün dollar lazımdır. Səyahətə getmək üçünsə cibində maksimum 100 dolların olması çox gülünc situasiya yaradır. Bundan əlavə, müştərilərə tək xaricə çıxmaq üçün deyil, həmçinin xaricdə oxuyan övladlarına pul göndərmək üçün də həyata keçirilən satış kifayət qədər azdır.

Bəs maraqlıdır ki, banklar hər dəfə hərraclardan əldə etdiyi vəsaitləri nəyə sərf edir? Banklar yenə “qara bazar”a dollar ötürürmü? Bu problemin həlli nədən keçir?

Millət vəkili Vahid Əhmədov bildirib ki, keçirilən hərracların nəticəsində dollar banklar tərəfindən alınır, Mərkəzi Bank da buna nəzarət edir: “Üstəgəl Neft Fondu da hərraca vəsait buraxır. Amma banklar niyə satmırlar, bu artıq maraq doğurur. Ola bilsin banklar spekulyasiya edirlər. Mənim aldığım məlumata görə, yenə də “qara bazar” fəaliyyətini gücləndirməyə başlayıb. Ancaq dolların satışı ilə bağlı problem olmamalıdır. Dollara təlabat kifayət qədər çox olduğu üçün hərracda manat hər gün ucuzlaşır. Ucuzlaşma prosesi getdiyi üçün ola bilsin ki, banklar ehtiyatda müəyyən qədər dollar saxlayırlar. Ola bilər ki, ancaq korperativ müştərilərinə dollar satırlar.

Ən sərfəli kredit üçün müraciət et

Yaranmış bu vəziyyət qeyri-adi haldır. Bank ona görə hərracda iştirak edir ki, vəsaiti ordan götürüb müştərilərinə satsın. Satmırlarsa, Maliyyə Bazarlarına Nəzarət Palatası buna nəzarət etməlidir və səbəbini öyrənməlidir”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin müşaviri Rüfət Abbasov yaranmış vəziyyətlə bağlı bildirib ki, bazarda dollara olan təklif təlabatı üstələməkdədir: “Biz Palata olaraq valyuta bazarındakı vəziyyətdən yetərincə məlumatlıyıq. Mütəmadi olaraq bazarı izləyirik və monitorinqlər aparırıq. Lazım olan hallarda da nəzarət tədbirləri həyata keçiririk. Hazırda valyuta tənzimləyicisi orqanı olmadığımıza görə valyuta bazarının tənzimlənməsi bizim səlahiyyətimiz xaricindədir.

Bankların dollar satmamasına gəlincə isə bildiyiniz kimi, banklar dolların alış və satışından gəlir əldə edirlər. Əgər satmırlarsa demək ki, gəlirlərindən məhrumdurlar. Bu o deməkdir ki, banklarda yetərli qədər dollar yoxdur və ona görə də satmırlar. Banklar hərraclardan əldə etdiyi dollarları korperativ müştərilərinə satırlar”.

R. Abbasov qeyd edib ki, “qara bazar” onların səlahiyyətində deyil: “Bu, qeyri-qanunu sahibkarlıq formasıdır. Biz bu barədə mütəmadi olaraq araşdırmalar aparırıq və hüquq-mühafizə orqanlarına məlumatlar veririk”.

Mənbə: Qafqazinfo