Hər bir sakin ərzaq, içki və siqaretə 148 manat xərcləyir | Banco.az

Hər bir sakin ərzaq, içki və siqaretə 148 manat xərcləyir

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 2,9 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsininin məlumatına görə, ticarət dövriyyəsinin 1,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4% və 3,1% artıb.

Bu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3%-i ərzaq məhsullarının, 5,9%-i içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19%-i ticarət müəssisələri, 50,4%-i fərdi sahibkarlar tərəfindən, 30,6%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4% artıb, fərdi sahibkarlar üzrə 0,5%, bazar və yarmarkalarda 5% azalıb.

Yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.

report.az