Rabitəbank ASC-nin Problemli Kreditlərlə İş Departamentinin direktoru Şakir Kərimov bu gün aktual məsələ olan problemli kreditlərlə bağlı öz fikirlərini bölüşüb. Banco.az portalı Trend-ə istinadən məıumat verir.
Ş.Kərimov bildirib ki, hər kəsə məlumdur ki, bu gün bankların bir çoxunda problemli kreditlərin həcmi getdikcə artmaqdadır.
Onun sözlərinə görə, bu konkret olaraq bir sahə üzrə verilən kreditlərə aid deyil: “Kredit borclarını ödəməyən müştərilər bütün sahələrdən var. Lakin ən çox girovsuz, iş yerindən arayışsız, zaminsiz verilən kreditlər gecikməyə düşürlər. Səbəb isə borcların təminatsız olması və borcluların qanunları yaxşı bilməməsidir. Bundan əlavə təminatlı kreditlərdə də qanunları bilməmək səbəbi ilə, özlərini “ağıllı” hesab edən bir çox borclular vardır ki, kredit borcunun qarşılığında girov qoyulmuş əmlak dəyərdən düşdüyü halda borcu ödəməkdən yayınırlar. Bu halda dəyərdən düşmüş təminatla, təminatın dəyərindən artıq olan borcun bağlanacağını hesab edirlər. Son illərdə bu kimi halların artması səbəbi ilə, borcun ödənilməsindən süni şəkildə yayınmaların qarşısının alınması üçün tədbirlər daha da gücləndirilmişdir. Bir çox hallarda müştərilər hesab edirlər ki, 90 gün kredit ödənilmədiyi halda yaxud Bank tərəfindən məhkəməyə müraciət edildiyi halda kredit borcu üzrə hesablanan faizlər dayandırılır. Qeyd etmək istəyirəm ki, heç bir halda faizlərin hesablanması dayandırılmır”