Müəllif: Gülnar Əhmədli, Banco.az
Bəzən iş yerində yüksək maaş verilməsinə baxmayaraq, həmin yerdə işləmək stressli olur. Bu zaman insanlar seçim etməli olurlar, ya yüksək maaşlı stressli mühit, ya da daha az maaşlı sakit bir iş mühiti.
İndiki zamanda bunlardan hansını seçmək lazımdır?
“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bu mövzuda Banco.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, iş həyatında tez-tez qarşılaşılan dilemmlərdən biri də budur ki, bəzi işlər yüksək əməkhaqqı təklif edir, amma eyni zamanda yüksək stress yaradır:
"Digər tərəfdən isə daha aşağı maaşlı, lakin daha az stressli işlər var.
Burada nəzərə alınmalı əsas məqamlardan biri odur ki, təklif olunan əməkhaqqı həmin şəxsin mövcud həyat şəraitinə və tələbatlarına uyğundur, yoxsa yox. Adətən insanlar öz ehtiyaclarını qarşılayacaq və gözləntilərinə uyğun gələcək iş yerlərinə üstünlük verirlər.
Təbii ki, yüksək maaşlı, amma stress səviyyəsi yüksək olan işlərdə müəyyən müddət işləmək mümkündür. Məsələn, şəxsin xüsusi bir məqsədi ola bilər: Avtomobil almaq, hər hansı maliyyə problemini həll etmək və ya başqa bir planını reallaşdırmaq. Belə hallarda həmin işi müvəqqəti olaraq seçə bilər".
İ. Mirzəzadənin sözlərinə görə, bu cür işlərin uzunmüddətli və daimi seçimə çevrilməsi gələcəkdə xroniki stressə, müxtəlif psixoloji və sağlamlıq problemlərinə səbəb ola bilər: "Problem ondadır ki, "bir müddət işləyib çıxaram" dediyimiz yerlərdə bəzən planlaşdırdığımızdan daha uzun qalırıq. Çünki insan müəyyən bir gəlir səviyyəsinə öyrəşir və sonradan ondan aşağı maaşa keçməkdə çətinlik çəkir. Həyat tərzini, xərclərini və gündəlik yaşayışını da həmin gəlirə uyğun qurur.
Ona görə də iş yeri seçərkən tələsmək lazım deyil. Bütün amilləri dəyərləndirmək və öz prioritetlərini müəyyənləşdirmək lazımdır. Şəxs bilməlidir ki, minimum hansı məbləğdə əməkhaqqı onu qane edir və ehtiyaclarını qarşılayır. Əgər təklif olunan maaş bu gözləntiləri qarşılayırsa, əlavə olaraq daha yüksək gəlir əldə etmək isə yalnız üstünlükdür. Belə olan halda insan həm maddi, həm də psixoloji baxımdan özünü daha rahat hiss edərək iş fəaliyyətini davam etdirə bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
