Hansı banklar hədiyyə kartları təklif edir? | Banco.az

Hansı banklar hədiyyə kartları təklif edir?

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Bayramlar və özəl günlər zamanı sevdiklərimizə, dostlarımıza, tanışlarımıza hansı hədiyyəni alaq deyə bəzən çox düşünürük. Xüsusilə hədiyyə alacağımız şəxsin nəyi bəyəndiyini bilmiriksə, seçim etmək daha çətin olur.

Bu zaman ən yaxşı seçimlərdən biri hədiyyə kartları ola bilər. Hədiyyə kartları daha çox müxtəlif elektronika, geyim, kosmetika mağazalarında və s. təqdim edilir. Lakin bəzi banklardan da hədiyyə kartı ala bilərik. 

Bankların bu məhsulları tam da hədiyyə seçimində çətinlik çəkənlər üçündür. Bu tipli kartlarda şəxsin hədiyyə etmək istədiyi məbləğ olur. Kartların istifadə müddəti isə 1 il olur. Hazırda hədiyyə kartlarını yalnız iki bankın filiallarından əldə edə bilərsiniz: Kapital Bank və Unibank.

Kapital Bank

Bankın 4 fərqli məbləğdə hədiyyə kartı var: 50 AZN, 100 AZN, 200 AZN və 500 AZN. Bu kartları əldə etmək üçün kartın balansından əlavə ödəniş etmək lazımdır. 50 manatlıq hədiyyə kartı üçün əlavə 1 (cəmi 51 AZN), 100 manatlıq kart üçün 2 (cəmi 102 AZN), 200 manatlıq kart üçün 4 (cəmi 204 AZN), 500 manatlıq kart üçün isə 10 manat (cəmi 510 AZN) ödəmək lazımdır.  

Kartı hədiyyə etdiyiniz şəxs həmin kartla bankın POS-terminalları quraşdırılan xidmət nöqtələrində alış-veriş edə, bankın öz bankomatlardan nağdlaşdıra bilər.

Bu kartları bankın 4 filialından (Mərkəz, Yasamal, Səbail və Gənclik Mall) və ya bankla əlaqə saxlayaraq (196, 050 999 81 96) əldə edə bilərsiniz. 

Unibank

Unibank 3 fərqli məbləğdə hədiyyə kartları təklif edir: 50 AZN, 100 AZN, 150 AZN. Bu kartları əldə etmək üçün isə əlavə ödəniş etməyə ehtiyac yoxdur. Hədiyyə kartları ilə alış-verişi isə yalnız Unibank-ın partnyor şəbəkəsindən etmək olar. Kartı əldə etmək üçün bankla əlaqə saxlaya (117, yaxud sosial media hesablarına yazmaqla) bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram