Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri də manatın məzənnəsinin devalvasiyası ilə bağlı Mərkəzi Bankın verdiyi məlum qərardan sonra kredit borclarının hansı kursla qaytarılması ilə bağlıdır.
Banco.az portalı "Qafqazinfo"-ya istinadən xəbər verir ki, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin sədri, tanınmış vəkil Anar Bağırov da bu məsələ ilə bağlı öz fikirlərini bildirib. “Son günlərdə bir çox hüquqşünasların bu mövzuya olan müxtəlif və fərqli yanaşmaları ilə tanış oluruq. Xüsusilə, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin manatın məzənnəsinin devalvasiyasından sonda kreditlərin hansı qaydada qaytarılması barədə mətbuata açıqlaması məni çox təəccübləndirdi. Hesab edirəm ki, hakimin, əl-əlxüsus da Ali Məhkəmənin hakiminin belə bir şərh verməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarının rəsmi şərhini Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verir. Təsadüfi deyildir ki, hal-hazırda dünyada hakimlərin universal davranış qaydalarını müəyyən edən BMT-nin himayəsi altında qəbul edilmiş “Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”-də də bu müddəalar öz əksini tapır. Belə ki, orada göstərilib ki, hakimlər ictimai müzakirələrdə iştirak etməməlidirlər. Bunun da səbəbi aydındır. Hakim vəzifəsinin mahiyyəti hakimin mübahisəli məsələlərə obyektiv və ədalətli yanaşma qabiliyyətindədir. Əgər hakim ictimai müzakirələrdə iştirak edirsə - mübahisəli məsələlərə dair öz fikrini bildirməklə cəmiyyətin nəzərində öz vəzifələrini qərəzsiz icra etmək qabiliyyətini şübhə altına qoymuş olur. Cəmiyyət açıq şəkildə öz fikrini bildirdiyi məsələlərə toxunan mübahisəni həll edən hakimin qərəzsizliyinə şübhə ilə yanaşacaq” – deyə A.Bağırov bildirib.
Vəkil sözlərinə onu da əlavə edib ki, gərək hakimlər öz çıxışlarında daim tədbirli və ehtiyatlı olsunlar. Çünki, onların müəyyən mübahisə ilə bağlı xüsusilə də aktual mövzu ilə bağlı mətbuata açıqlama verib konkret yol göstərməsi cəmiyyət arasında xaosa və gərginliyə səbəb ola bilər.
“Lakin, yenə də inanmaq istərdim ki, Əsəd Mirzəliyev belə bir açıqlama verməyib və ya onun fikirləri təhrif olunub” –deyə vəkil bildirib.
A.Bağırov ümumiyyətlə hüquqi baxımdan Əsəd Mirzəliyevin mövqeyi ilə razı olmadığını bildirərək deyib: “AR Mülki Məcəlləsinin 439.7-ci maddəsində “xarici valyuta”dan söhbət belə getmir. Burada söhbət pul vahidinin öz dəyərindən, yəni nominal dəyərindən gedir, digər valyutalara nisbətindən yox. Sözügedən müddəanın pul vahidinin xarici valyutaya nisbətinin, yəni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünki pul vahidi eyni zamanda bir valyutaya nisbətdə bahalaşa, digərinə nisbətdə isə ucuzlaşa bilər. Onda necə olmalıdır bəs? Valyutanın dəyişməsi isə o deməkdir ki, məsələn, sabah Azərbaycanın pul vahidi dəyişə bilər. Avropa Birliyinə daxil olan ölkələrin avroya keçməsi kimi”.
Anar Bağırovun dediyinə görə Mülki Məcəllənin 439.2-ci maddəsində isə belə yazılır: “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Belə ki, buradan aydın olur ki, xarici valyutada olan borc manatla ödənilə bilər, amma ödəniş gününə mövcud olan məzənnə əsas götürülməlidir.