Müəllif:Ayşən İmanova/Banco.az
2024-cü ildə Gürcüstan turizmdən rekord məbləğdə - 4 milyard 425,4 milyon dollar gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 7,3 % çoxdur.
Banco.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin birinci müavini, İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili bildirib.
Onun sözlərinə görə, beləliklə hökumətin turizm gəlirlərinin dinamikası ilə bağlı proqnozu özünü doğruldub.
Bildirilib ki, dördüncü rübdə ölkəyə turizm gəliri illik müqayisədə 10,3% artaraq 963,7 milyon dollara çatıb.
Ölkənin İqtisadiyyat Nazirliyi qeyd edib ki, turizm gəlirlərinin illik artımının 128,3 milyon dolları İsrail, 25,8 milyon dolları Azərbaycan, 22,9 milyon dolları İran, 21,6 milyon dolları Avropa İttifaqı, 21,4 milyon dolları isə Səudiyyə Ərəbistanı vətəndaşlarının hesabına olub.
Gürcüstan hökuməti 2028-ci ilə qədər ölkənin turizmdən illik gəlirlərinin 6,4 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.