GUAM-ın daha bir layihəsi üzrə Rəhbəredici Komitənin iclası keçirilib | Banco.az

GUAM-ın daha bir layihəsi üzrə Rəhbəredici Komitənin iclası keçirilib

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclası işə başlayıb.

Tədbirdə GUAM üzvü olan Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın nümayəndə heyətləri iştirak edirlər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirdə çıxış edərək qonaqlara ötən ay Bakıda keçirilən I Avropa Oyunlarından sonra GUAM tədbirinin Bakıda keçirilməsinin qürurverici olduğunu deyib: “Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin inkişafının və tərəqqisinin sübutudur”.

A. Əliyev I Avropa Oyunlarında iştirak edən GUAM ölkələrinə və onların idmançılarına təşəkkür edib. Azərbaycan gömrük xidmətindən qonaqlara geniş məlumat verən komitə sədri son illər Azərbaycan gömrük xidmətində həyata keçirilən işlərdən danışıb. O deyib ki, gömrük xidmətləri hər bir ölkənin müstəqilliyinin əsasını təşkil edir. Hər bir ölkə arasında gömrük əlaqələrinin genişlənməsi bu ölkələr arasında həm iqtisadi, həm də siyasi əlaqələrin möhkəmlənməsi deməkdir.

“Yüklərin sərhəddən keçirilməsini rahat keçirilməsi üçün bu gün ən yüksək  tələblərə uyğun və ən son texnika ilə təchiz olunmuş mərkəzlər istifadəyə verilib. Bu gün artıq belə mərkəzlərin sayı 8 ədəddir və gələcəkdə daha 2 belə mərkəz yaradılacaq. Bu mərkəzlər məhsulların daha təhlükəsiz və sürətli keçməsinə imkan yaradacaq”, - deyə A. Əliyev bildirib.

Ən sərfəli kredit üçün müraciət et

GUAM-ın baş katibi Valeri Çeçelaşvili də bu yaxınlarda Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının və bugünkü tədbirin əhəmiyyətindən danışıb: "Artıq Azərbaycan təkcə GUAM üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli dövlətə çevrilib".

Qeyd edək ki, iclasda GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 21-ci iclasının protokolunun, eyni zamanda sözügedən layihənin üzv ölkələrdə icrası ilə bağlı hesabatlar təqdim olunub.

İclasda GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında protokol imzalanıb, o cümlədən gömrük prosedurlarının həyata keçirilməsi zamanı mallar və nəqliyyat vasitələrinə gömrük nəzarətinin fərdi nəticələrinin qarşılıqlı tanınması haqqında protokol layihəsinin müzakirəsi aparılıb.

İclasın sonunda isə Rəhbəredici Komitənin 22-ci iclasının protokolunun müzakirəsi və imzalanıb.

 

 

 

 

apa.az