“Growth Marketing” yanaşması nədir? | Banco.az

“Growth Marketing” yanaşması nədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Growth Marketing” və ya böyümə marketinqi, şirkətlərin müştəriləri cəlb etmə, saxlama və artırma sahəsində daha innovativ və effektiv yollarla irəliləməsinə kömək edən marketinq yanaşmasıdır. Ənənəvi marketinqdən fərqli olaraq, “Growth Marketing”, məlumat analitikası, testlər və istifadəçi davranışının dərin analizinə əsaslanaraq həyata keçirilir.

Banco.az xəbər verir ki, bu yanaşma müştəriləri cəlb etmək və şirkətin böyüməsini təmin etmək üçün yeni, yaradıcı strategiyalara üstünlük verir. Xüsusən də startaplar və çevik şirkətlər üçün faydalıdır, çünki marketinq büdcəsindən maksimum səmərə əldə etməyə imkan yaradır.

“Growth Marketing”in əsas xüsusiyyətləri

Analitik Yanaşma - Growth Marketing müştərilərin davranışını daha yaxşı anlamaq və qərarları məlumatlara əsaslanaraq vermək üçün analitika və statistikanı təməl olaraq qəbul edir.

Eksperimentlər -Hər bir kampaniyanın və strategiyanın effektivliyini ölçmək üçün testlər edilir. Məsələn, A-B testləri vasitəsilə fərqli variantların performansı müqayisə edilir, hansı yanaşmanın daha təsirli olduğu müəyyən olunur.

Funnel düşüncəsi - Müştəriləri cəlb etməkdən başlayaraq onları sadiq istifadəçi halına gətirmək üçün satış kanalının bütün mərhələlərində fərqli strategiyalar tətbiq edilir.

Yaradıcı taktikalar - Ənənəvi marketinq üsullarından əlavə olaraq, “Growth Marketing” müştəriyə çatmaq üçün müxtəlif kanal və taktikalardan istifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Dünyada məşhur “Growth Marketing” nümunələri

Dropbox: İstifadəçi Tövsiyə Proqramı ilə mövcud istifadəçilər dostlarını dəvət etdikdə əlavə yaddaş qazanırdılar. Bu mexanizm milyonlarla yeni istifadəçi cəlb etdi və marketinq xərclərini azaltdı.

Airbnb: Craigslist kimi platformalarda məkanların avtomatik paylaşımı sayəsində Airbnb daha geniş auditoriyaya çataraq qlobal miqyasda sürətlə böyüdü.

Uber: İlk səfərlər üçün endirimlər və tövsiyə proqramları ilə yeni istifadəçiləri cəlb etdi və bazarda mövqeyini gücləndirdi.

Spotify: Fərdiləşdirilmiş musiqi siyahıları və "Year Wrapped" kampaniyası ilə sosial mediada geniş yayılaraq istifadəçi sadiqliyini artırdı.

LinkedIn: Fərdiləşdirilmiş e-poçtlarla istifadəçiləri aktiv saxladı və şəbəkələrini genişləndirdi.

Zoom: Asan istifadəsi və pandemiya dövründə əlçatanlığı sayəsində geniş istifadəçi kütləsi qazandı.

Qeyd edək ki, “Growth Marketing”  ənənəvi marketinqdən fərqli olaraq, daha dinamik və çevikdir, bu da xüsusən rəqabətli bazarlarda şirkətlərin uğurunu təmin edir. Growth Marketing, yalnız böyük şirkətlər üçün deyil, hər ölçüdə biznes üçün faydalı yanaşmadır, çünki minimum resursla maksimum nəticəyə nail olmağa imkan yaradır.