“Google” şirkəti 338,7 milyon dollar cərimə ödəməli olacaq | Banco.az

“Google” şirkəti 338,7 milyon dollar cərimə ödəməli olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” şirkəti patent hüququnun pozuntusu halına görə kompensasiya ödəyəcək.

Banco.az xəbər verir ki, Texas ştatının Vako şəhərindəki federal məhkəmənin münsiflər heyəti proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğunu əsas gətirərək “Google”un 338,7 milyon dollar kompensasiya ödəməsi barədə qərar çıxarıb.

Şirkətin sözçüsü məsələyə münasibət bildirərək qərara etiraz edəcəklərini və “Google”un hər zaman texnologiyanı müstəqil şəkildə inkişaf etdirdiyini dilə gətirib.

Məlumat üçün qeyd edək ki, 2021-ci ildə Nyu-Yorkda yerləşən “Touchstream” tərəfindən irəli sürülən məhkəməiddiasına görə, şirkətin qurucusu David Strober 2010-cu ildə videoları smartfon kimi kiçik bir cihazdan televizor kimi daha böyük cihaza "köçürmək" texnologiyasını icad edib.

“Google” şirkəti də 2011-ci ilin dekabrında “Touchstream”lə sözügedən texnologiya üzrə danışıqlara başlayıb, ancaq iki ay sonra mövzu ilə maraqlanmadığını bildirib. Daha sonra “Google” 2013-cü ildə Chromecast media axın cihazlarını istifadəyə buraxıb.

Bu səbəbdən də, “Touchstream” iddia edir ki, “Google”un bazara çıxardığı “Chromecast” onun yeniliklərini kopyalayıb və üç sayda patentini pozub. “Google” isə patentlərin etibarsız olduğunu əsas gətirərək “Touchstream”in hüquqlarını pozduğunu təkzib edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram