Gömrükçülər Ukrayna vətəndaşından 75 min avro müsadirə edib | Banco.az

Gömrükçülər Ukrayna vətəndaşından 75 min avro müsadirə edib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gizlin və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Bakı-Almatı aviareysi ilə getmək istəyən Ukrayna vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Vətəndaş saxlanılıb sorğu-sual edilərkən üzərində cəmi 7000 avronun olduğunu bildirib. Bundan sonra ona məxsus əşyalarda və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Ən sərfəli kredit üçün müraciət et

Yoxlama zamanı, vətəndaşa məxsus əl çantasının içərisindəki noutbukun arasında 5000 avro, çantanın içərisində olan digər şəxsi əşyaların arasında isə 58000 avro nominalında əsginaslar aşkar edilib. Şəxsi yoxlama zamanı isə vətəndaşın əynindəki alt geyimində daha 5000 avro aşkar olunub.

Beləliklə, vətəndaşın gömrük nəzarətindən gizlətdiyi və əvvəlcədən bəyan etmədiyi 150 ədəd - hər biri 500 avro nominalında əsginaslar olmaqla, cəmi 75000 avro aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.