Dövlət Gömrük Komitəsinin (DGK) sədriı Aydın Əliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.
Məlumata görə, görüşdə A.Əliyev iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, əməkdaşlıq sferasının bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. Komitə sədri Azərbaycanla Almaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib və bu sahədə prespektivlərdən danışıb, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
İstər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışan komitə sədri son zamanlar aparılan islahatlar barəsində qonağı ətraflı məlumatlandırıb, 2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirildiyini qeyd edib. O, bu ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xüsusilə 1100 kq-dan çox narkotik vasitə-heroinin aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlığın bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu söyləyib.
M.Kindsqrab isə iki ölkə arasında iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkib, bunun üçün geniş imkanların mövcud olduğunu bildirib.
Almaniya ilə Azərbaycan arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan səfir iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.
Mənbə: Report.az