"Goldman Sachs": türk lirəsi ilin sonuna qədər daha da ucuzlaşa bilər | Banco.az

"Goldman Sachs": türk lirəsi ilin sonuna qədər daha da ucuzlaşa bilər

Müəllif:Mehin Qasımova,Banco.az

"Goldman Sachs" iqtisadçıları Türkiyənin inflyasiyanı azaltmaqdan daha çox xarici balansı qorumağa üstünlük verə biləcəyini bildiriblər. Onların proqnozuna görə, bu yanaşma nəticəsində türk lirəsi dollar qarşısında illik müqayisədə təxminən 20 faiz dəyər itirə bilər.

Banco.az xəbər verir ki, Bankın iqtisadçıları Klemens Qrafe və Başak Edizgilin hazırladığı hesabatda qeyd olunur ki, lirənin daha sürətli ucuzlaşması inflyasiyanın azalmasını ləngidə bilər. Bununla yanaşı, dollarlaşmanın qarşısını almaq üçün faiz dərəcələrinin də bazarın hazırda gözlədiyindən daha yüksək səviyyədə saxlanılması lazım gələ bilər.

Hazırda Türkiyə Respublikası Mərkəzi Bankının əsas faiz dərəcəsi 37 faizdir və Pul Siyasəti Komitəsinin növbəti iclası cümə axşamı keçiriləcək.

Hesabatda vurğulanır ki, Türkiyənin inflyasiya ilə mübarizə proqramı lirənin real dəyərinin qorunmasına əsaslanır. İlin əvvəlindən lirə dollar qarşısında təxminən 9 faiz ucuzlaşsa da, istehlak qiymətləri ilk altı ayda 17 faizdən çox artıb. İyun ayında isə illik inflyasiya 32,1 faizə yüksəlib.

İqtisadçılar hesab edirlər ki, rəqabət qabiliyyətinin zəifləməsi cari hesab kəsirini artırır və bu, inflyasiya ilə mübarizə proqramı üçün əsas risklərdən biridir.

Goldman Sachs proqnozlaşdırır ki, Türkiyənin cari hesab kəsiri 2026-cı ilə qədər ÜDM-in 3,5 faizinə, yəni təxminən 60 milyard dollara çata bilər.

Hesabatda həmçinin qeyd olunur ki, Türkiyə aralıq mallar bazarında Çinə bazar payı itirir, Mərkəzi və Şərqi Avropa ölkələri isə Avropa istehlak malları bazarında daha çox mövqe qazanır. Kapital malları və müdafiə sənayesi ixracındakı artımın isə bu itkiləri tam kompensasiya etmədiyi bildirilir.