Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır | Banco.az

Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır

Gələn ilin büdcə layihəsində dəyişiklik edilib, müdafiə xərcləri artırılır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Azər Əmiraslanov bildirib ki, yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün, 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində dəyişiklərin edilməsi təklif olunur: "Büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır. Bu dəyişiklər bir tərəfdən büdcə qaydasının tələblərini nəzərə alır, digər tərəfdən də növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur. Müdafiə və milli təhlükəsizlik, hüquq mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Ərzaq və qida təhlükəsizliyi çərçivəsində, heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq”.