Azərbaycan vətəndaşlarının ödəyəcəyi icbari tibbi sığorta haqqının məbləği açıqlanıb. Bütün işləyən şəxslərdən əmək haqqının 2%-i qədər, işəgötürənlərdən isə işçilərinə ödədikləri əmək haqqının 2%-i qədər sığorta haqqı tutulacaq.
İşləyən əhali üçün icbari tibbi sığorta haqqı şirkətlərdən və onların işçilərinin əməkhaqlarından tutulacaqdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev sığorta haqlarından danışıb.
Agentliyin sədri bildirib ki, Azərbaycan əhalisinin 45%-nin sığorta haqqı dövlət tərəfindən ödəniləcəkdir:
“Ölkəmizdə təxminən 10 milyon nəfər əhali var. Əgər hər bir nəfər Agentliyə 100 manat köçürsə 1 milyard manat vəsait yığıla bilər.Lakin əhalinin müəyyən təbəqəsinin vəsaiti ödəmək imkanı yoxdur. Belə bir qərar olub ki, əhalinin müəyyən kateqoriyasının - 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək. Bu kateqoriyalar əhalinin təxminən 45%-dir. Yəni, əhalimizin 45%-nin sığorta haqqı dövlət tərəfindən ödəniləcək. Qalır rəsmi işləyənlər, sahibkarlar və sərbəst məşğul əhali. Bunlardan sığorta haqqı necə alınacaq?!Muzdla işləyən vətəndaşların əməkhaqlarından faiz tutulacaq. Sığorta haqqı işəgötürən və işçi arasında bölünüb. İşəgötürənə 2%, 2% də işçinin əməkhaqqına tətbiq olunacaqdır. Türkiyə və Avropada da bu qaydadır. Sahibkarlardan da faiz tutulacaq. Qalır sərbəst məşğul əhali – qeyri-rəsmi işləyənlər, evdar qadınlar və s. Bunlar üçün sabit bir məbləğ tətbiq olunacaq. Yəni, qanunla 120 manat sığorta haqqı ödəməli olacaqlar.Bu şəxslər illik 120 manat ödəməlidirlər ki, sığortalı sayılsınlar.
Zaur Əliyev əlavə edib ki, dövlət 29 manat ödəyərək bütün əhalini ilkin tibbi yardım xidməti almaları üçün sığortalayacaqdır:
“Məsələn, kimsə hər hansı səbəbdən icbari tibbi sığorta haqqı ödəməməsinə baxmayaraq təcili -tibbi yardım xidmətindən yararlana biləcəkdir. Gələcəkdə hər bir vətəndaşın ailə həkimi olacaq. Hər bir ailə həkiminə 2000 min nəfərə yaxın əhali təhkim olunacaq. Vətəndaş ehtiyacı olduqda ailə həkiminə müraciət edə biləcək. Ailə həkimi vətəndaşı daimi yoxlayacaq və ilkin tibbi xidmət göstərəcəkdir. Buna görə dövlət hər bir vətəndaş üçün 29 manat sığorta haqqını dövlət büdcəsindən Agentliyə ödəyəcəkdir”.
Zaur Əliyev bildirib ki, qeyri-rəsmi çalışan işçilər icbari tibbi sığortadan yararlana bilməyəcəklər. “Vətəndaş rəsmi işləmirsə sığortadan kənar qalacaqdır. İşəgötürənlər işçiləri rəsmiləşdirməlidirlər ki, onlar sığortadan yararlana bilsinlər”.
Tibbi xidmətlərə ehtiyac yaranan zaman xəstəxanaya, klinikaya müəyyən məbləğin ödənilməsi tələb olunur. Vətəndaş İcbari Tibbi Sığorta Agentliyinə müəyyən sığorta haqqı ödədiyindən xəstələnən zaman onun müayinə və müalicə xərcləri Agentlik tərəfindən xəstəxanaya ödəniləcəkdir.
Marja