Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilə bir neçə gün qalıb. Əhali arasında ən çox sual doğuran mövzulardan biri də gələn il hansı məhsulların bahalaşacağıdır.
İqtisadçı ekspert Asif İbrahimov növbəti ildə hansı məhsullarda bahalaşmanın gözlənilməsi ilə bağlı Banco.az-a açıqlama verib:
"Azərbaycan iqtisadiyyatı idxaldan asılı bir iqtisadiyyatdır və biz bir çox məhsulların böyük hissəsini xaricdən idxal edirik.
Ərzaq məhsulları, elektrotexnika, avtomobillər və gündəlik məişətdə istifadə etdiyimiz bir çox məhsullar xaricdən ölkəyə gətirilir. Hətta Azərbaycanda istehsal olunan məhsulların hazırlanmasında tələb olunan xammal və inqridiyentlərin əhəmiyyətli hissəsi də xaricdən idxal olunur. Bu isə onu göstərir ki, asılılıq səviyyəsi olduqca yüksəkdir və belə bir şəraitdə inflyasiya və bahalaşma risklərini nəzərə almamaq mümkün deyil.
2026-cı ildə xüsusilə bir sıra məhsullarda bahalaşmanın müşahidə olunacağı gözlənilir. Faktiki olaraq, idxal etdiyimiz məhsulların əksəriyyətində qiymət artımı qaçılmazdır. Məsələn, elektromobillərdə bahalaşma müşahidə olunacaq. Müəyyən limitlərin və güzəştlərin ləğv edilməsi avtomobil sektorunda qiymət artımına səbəb olacaq. Bundan başqa, siqaret məhsullarında yeni aksiz vergilərinin tətbiqi də bahalaşmaya gətirib çıxaracaq. Əvvəllər tətbiq olunan aksiz vergilərinə əlavə olaraq yeni vergilərin tətbiqi bir paçka siqaretin maya dəyərini təxminən 20 qəpiyədək artıracaq".
Ekspertin sözlərinə görə, eyni vəziyyət ərzaq məhsullarında da müşahidə olunacaq: "Bundan əlavə, Vergi Məcəlləsində yeni tətbiq olunan yol vergisi ilə bağlı məsələlərin müzakirəyə çıxarılması bir sıra daşınma və çatdırılma xərclərinin artmasına səbəb olacaq. Yanacaq qiymətlərinin yüksək olması və 2026-cı ildə daha da bahalaşmasının gözlənilməsi ümumi qiymət artımına gətirib çıxaracaq. Bu artımlar geyim, tekstil məhsullarına da aiddir.
Yəni ümumilikdə desək, 2026-cı ilin Azərbaycan üçün bir qədər çətin il olacağını söyləmək daha doğru olar. Bir sıra məhsullarda bahalaşma müşahidə ediləcək. Bu baxımdan Azərbaycan hökuməti təxirəsalınmaz tədbirlər həyata keçirməlidir".

A. İbrahimov bildirib ki, Engel qanununa görə, əgər əhali gəlirinin 15–20 faizini ərzaq məhsullarına xərcləyirsə, bu normal hədd hesab olunur və bu zaman digər ehtiyaclar üçün vəsait qalır: "Lakin əhali qazancının 30–40 faizini, hətta 20–30 faizdən yuxarısını ərzaq və gündəlik məişət xərclərinə sərf edirsə, bu artıq risk kateqoriyasına daxildir. Doğrudur, müəyyən qədər yığım mümkündür, lakin bu vəziyyət ciddi iqtisadi islahatlara ehtiyac olduğunu göstərir. Əgər əhali gəlirinin 30–40 faizdən çoxunu bu sahələrə xərcləyirsə, bu, sosial rifah problemlərinin mövcudluğundan xəbər verir.
Azərbaycanda isə bu gün rəsmi statistikaya görə, orta statistik vətəndaş gəlirinin təxminən 42–45 faizini ərzaq məhsullarına xərcləyir. Sosial durumu daha aşağı olan ailələrdə bu göstərici 50–60 faizə qədər yüksəlir. Bu isə onu göstərir ki, həyəcan siqnalları artıq çoxdan çalınır. Bu baxımdan Azərbaycan hökumətinin üzərinə olduqca ciddi və məsuliyyətli vəzifə düşür ki, bu məsələlərə xüsusi diqqət yetirsin".
Bizi sosial şəbəkələrdən izləyin!!
