Müəllif:gülbəniz Hüseynli/Banco.az
Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlir proqnozu 36 milyard 616 milyon manatdan 38 milyard 316 milyon manata, xərc proqnozu isə 39 milyard 667,6 milyon manatdan 41 milyard 367,6 milyon manata yüksəldilib.
Qeyd edilib ki, o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyon 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat məbləğində təsdiq edilib.
Vəziyyət barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, gələn il üçün büdcə proqnozu 2024-cü ilə nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır.
“Gələn il üçün verilən proqnoza görə, gəlirlər cəmi 0,6% artacaq, xərclər isə 0,2% azalacaq. Maaş və təqaüdlərdə ciddi artım gözlənilməsə də, ən yaxşı halda 8-10% civarında artımlar ola bilər. İqtisadi artım isə əsas olaraq neft gəlirləri və büdcə xərcləri əsasında formalaşacaq”.
Qeyd edək ki, 2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 27683,6 milyon manat proqnoza qarşı 27737 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5660,6 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18151,3 milyon manat təşkil edib.