Hazırda hökumət yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir
Gələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil İslam bankı açıla bilər. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, hazırda ölkə hökuməti (işçi qrupu formatında) yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir.
Azərbaycan, Qazaxıstan və Tacikistan şəriət qaydaları əsasdında bank yaratmaq istəyən MDB ölkələri sirasındadır və onlara mərkəzi ofisi Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən İslam İnkişaf Bankı dəstək verir.
Azərbaycan Beynəlxalq Bankı nəzdində fəaliyyət göstərən və ötən ilin oktyabrında fəaliyyəti dayandırılan İslam bankçılığı Departamentinin keçmiş rəhbəri və yeni layihə ilə bağlı yaradılan işçi qrupunun üzvü Behnam Qurbanzadə deyib ki, hazırda hökumət İslam İnkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyir.
"Bankın adı qarşıdakı iki ay ərzində açıqlanacaq. Bu gün bazarda uzunmüddətli maliyyələşməyə ehtiyac var və bu, kredit və borcdan fərqli olaraq investisiya və əməkdaşlığa əsaslanmalıdır", - deyə B.Qurbanzadə əlavə edib.