Funtun manata qarşı məzənnəsi 14 aylıq minimuma enib | Banco.az

Funtun manata qarşı məzənnəsi 14 aylıq minimuma enib

Britaniya funt sterlinqinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi dekabrın 14-nə 2,2437 manat təşkil edib ki, bu da 2020-ci ilin oktyabrın 13-dən bəri (2,2311 manat) ən aşağı göstəricidir.

Bu il funtun manata nisbətinin pik nöqtəsi iyunun 1-də (2,4199 manat) qeydə alınıb. Həmin tarixdən funt manata qarşı 7,3% dəyər itirib.

Qeyd edək ki, COVID-19-un yeni Omicron ştamının yayılması ilə bağlı yaranan neqativ fon funta mənfi təsir göstərir və hazırda investorlar İngiltərə Bankının faiz dərəcələrini eyni səviyyədə saxlayacağı və monetar siyasəti hələlik sərtləşdirməyəcəyi qənayətindədir.

Bundan əlavə, funt sterlinqə təzyiq həm də siyasi risklə bağlıdır. Ölkənin Baş naziri Boris Consonun koronavirusun Omicron variantının yayılmasının qarşısını almaq üçün yetərsiz tədbirlərə görə və keçən ilki lokdaun zamanı "Downing Street" ofisində iddia edilən şənliklər səbəbindən "Mühafizəkarlar Partiya"sı tərəfindən etirazla üzləşir.

Bakı vaxtı ilə saat 15:55-də 1 funt 1,3253 dollara ticarət olunurdu.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram