Françayzinq nədir? Hansı faydaları var? | Banco.az

Françayzinq nədir? Hansı faydaları var?

Françayzinqi qısaca belə təsvir edə bilərik: françayzinq – bir kompaniya tərəfindən (françayzer) digər bir kompaniyaya (françayziyə) biznesin idarə edilməsi ilə bağlı patentləşdirilmiş ideyanın, biliklərin, brenddən istifadə hüququnun, biznesin idarə edilməsi metodikasının, marketinq və reklam strategiyasının, həmçinin lazımı xüsusi avadanlıqların verilməsidir, bunun müqabilində alıcı kompaniya (yəni françayzi) mütəmadi olaraq ödənişlər həyata keçirir. Françayzinq – bir şirkətin əmtəə nişanının, firma texnologiyalarının, idarəetmə sisteminin istifadə etmə hüququnu müəyyən şərtlərlə başqa şirkətə satışı və ya müvəqqəti təqdim edilməsidir. Burada birinci şirkət/tərəf, bu hüququ verən – françayzer, hüququ alan tərəf isə - françayzi adlanır. Tərəflər kommersiya təşkilatları və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar olar bilər. 

İşi təhvil alırsınız və onu idarə edirsiniz. Mövcud marka almaq üçün müəyyən qaydalar var. Bütün bu qaydalara və fərqlərə baxaq.

İlk dəfə Amerikada yaranan bu sistem bir çox sahələrdə fəaliyyət göstərir. Bildiyimiz kimi hər bir ölkədə bir çox xarici marka fəaliyyət göstərir. Buna imkan verən françayzinqdir. Françayzinq tərəfdaşlıq deməkdir.

Tətbiqi baxımından, françayzinq milli və beynəlxalq olmaqla 2 yerə bölünür. Beynəlxalq françayzinq sistemində siz artıq dünya şöhrətli marka ilə işləyirsiniz və bu razılaşma iki ölkə arasında keçir. Əgər milli françayzinq sistemini seçsəniz, ölkənizdə olan markalarla işləmək lazımdır. Bu hadisə bölgələr və şəhərlər arasında baş tutur.

Françayzinq təqdim etdiyi imkanlara görə də fərqlənir. Onlardan biri “marka və məhsul françayzinqidir”. Ən geniş yayılmış bu françayzinq növündə françayzer tərəfindən istehsal olunan bir malın əmtəə nişanı altında françayziyə satış hüququ verilir. Bu françayzinq növündə farançayzi müəyyən üstünlüklərə sahib olur. Bu üstünlüklər malın endirimli satışı, marketinq və reklam dəstəyi, işçilərin təlimi və digər formalarda olur. Bununla yanaşı, françayzi özü üzərinə müəyyən öhdəliklər götürmüş olur. Bunlar markanın istifadə qaydaları, satış texnikaları, malların çeşidi və sairdir. Dünyada ilk məhsul/mal françayzinqini biznes inkişaf modeli kimi istifadə edən məşhur şirkətlər “Singer Sewing Machin Company” və “General Motors” olub.

Ən sərfəli kredit üçün müraciət et

İstehsalat françayzinqi - françayzinqi alana sərbəst françayzinq brendinin istehsalı və realizasiyası hüququ verir. Brendin sahibi françayziyə kommersiya və texnologiya sirlərini açıqlayaraq istehsalatın keyfiyyət standartlarını öyrədir. İstehsalat françayzinqində françayziyə istehsalat və satışın təşkili üçün istifadə olunan avadanlıq və texnikalar çox güzəştli (endirimli qiymətlə, kreditlə və s.) şərtlərlə təmin edilir. Bu biznes modeli ilə “Pepsi”, “Coca-cola” və digər məşhur brendlər fəaliyyət göstərir. 

Xidmət françayzinqi - xidmət sahəsi ilə əlaqəli bu françayzinq növündə bir marka adı altında patentli hüquq françayziyə verilir. Hər bir françayzinqdə olduğu kimi burada da françayzer tərəfindən reklam və marketinq, təlimləndirmə və digər standartlarla bağlı dəstəklər mütəmadi xarakterli olur. Bu françayzinq növünə “Hugo Boss”, “Pizza Hut”, “BlockBaster” və digərləri aid edilə bilər.

İşgüzar françayzinq: Bu cür françayzinqdə siz də işlərə cəlb olunacaqsınız. Yalnız iş fəaliyyəti ilə deyil, bir çox sahədə söz haqqına da sahib olacaqsınız. Siz marka haqqında fikirlər irəli sürüb, "necə daha yaxşı edə bilərsiniz" üzərində fikirləşməlisiniz. Bu təsnifata restoran, konsaltinq və icarə xidmətləri, otellər və pərakəndə mağazalar daxildir.

Françayzinqin hansı faydaları var?

Françayzinqin bir çox faydası var. Ən vacibi müştərinin sizi tanımasıdır. Dünyada və ya ölkənizdə tanınan bir marka ilə işləyirsiniz. Bunun üçün müştəriləri cəlb etmək lazım olmayacaq. Françayzinq sayəsində markanız beynəlxalq səviyyədə olacaqdır. Keyfiyyətli iş, kadr hazırlığı kimi mövzularda əsas şirkətdən yardım alacağınız üçün heç bir çətinlik olmayacaqdır. Bir çox məsuliyyət əsas şirkətə aid olduğundan, işiniz sizə verilən qaydaları tətbiq etməkdən ibarət olacaq.

Pərvanə Aslanova, Banco.az