Müəllif - Fərid İslamov - Banco.az
ABŞ prezidenti Donald Tramp administrasiyasının yeni siyasəti, o cümlədən yeni elektrik avtomobillərinin alınmasına görə verilən 7,5 min dollarlıq vergi güzəştinin ləğvi, bütün sənayeyə ciddi mənfi təsir göstərə bilər. Bu fikri Ford Motor şirkətinin baş icraçı direktoru Cim Farli bildirib.“Əgər belə davam etsə, ABŞ-da elektrik avtomobillərinin satış payının 5%-ə qədər düşməsinə təəccüblənmərəm,” — deyə o, Detroytdakı tədbirdə çıxışı zamanı qeyd edib.
Hazırda elektrik mühərrikli avtomobillər ABŞ avtomobil bazarının təxminən 10%-ni təşkil edir.
Mövcud vəziyyət Ford şirkətinin maliyyə nəticələrinə də mənfi təsir göstərir. İkinci rübdə elektrik avtomobilləri üzrə ixtisaslaşmış Model-e bölməsi satışların 31% azalması fonunda 1,3 milyard dollar zərər qeydə alıb. Şirkət hesab edir ki, bu seqment üzrə 2025-ci ilin sonuna qədər ümumi zərər 5,5 milyard dollara çata bilər.
Çərşənbə axşamı Ford səhmləri 1,1% ucuzlaşıb. Bununla belə, ilin əvvəlindən bəri şirkətin bazar kapitallaşması 21% artaraq 48,1 milyard dollara çatıb.
