27 fevral 2016-cı il tarixində “DəmirBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyində duran əsas məsələ Müşahidə Şurasının tərkibində dəyişikliyin edilməsidir.
Belə ki, 2007-ci ildən “DəmirBank” səhmdarları sırasına daxil olan Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) daxili qaydalarına əsasən, onun səhmdar cəmiyyətlərindəki bütün nümayəndələri dörd ildən bir seçilir və eyni üzv 2 dəfədən artıq seçilə bilməz. FMO-nun “DəmirBank”dakı indiki nümayəndəsi Dik Snayders artıq 8 ildir ki, bankın Müşahidə Şurasının üzvü olduğuna görə, FMO tərəfindən onun əvəzinə Ferdinand Tuinstranın təyin olunması qərarı verilib.
D. Snayders əvvəllər FMO-nun Müşahidə Şurasının sədri vəzifəsini tutub, hazırda isə SFP-nin Təqaüd Fondu Şurasının sədri vəzifəsində çalışır. Yeni təyin olunmuş F. Tuinstra da peşəkar fəaliyyəti dövründə müxtəlif Avropa banklarında çalışıb və bankçılıq sahəsində böyük təcrübəyə malikdir.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına FMO-la bərabər, beynəlxalq maliyyə təşkilatı olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” da daxildir.