Müəllif: Tamara Mustafayeva, Banco.az
"Fitch" qlobal iqtisadi proqnozunu "pisləşən" səviyyəyə endirib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” ABŞ/İsrail–İran müharibəsinin təsirləri səbəbindən cari il üzrə qlobal iqtisadiyyatın sektor proqnozunu “neytral” səviyyədən “pisləşən” səviyyəsinə endirib.
“Fitch Ratings”in yeni təhlilinə əsasən, müharibənin təsiri nəticəsində iqtisadi artımın zəifləyəcəyi, inflyasiyanın və istiqraz gəlirliliyinin yüksələcəyi, həmçinin geosiyasi risklərin artacağı gözlənilir. Bununla belə, qlobal iqtisadiyyatın və maliyyələşdirmə şərtlərinin son dövrdə nümayiş etdirdiyi dayanıqlılıq riskləri müəyyən qədər məhdudlaşdırır.
Qurum müharibənin regional təsirlərini nəzərə alaraq beş regional sektor üzrə proqnozunu da “neytral” səviyyədən “pisləşən” səviyyəsinə endirib. Görünümü yaxşılaşdırılan yeganə region isə güclü ixracın iqtisadi artımı dəstəkləməsi səbəbindən proqnozu “neytral” səviyyəyə yüksəldilən Çin olub. Xam neft ehtiyatlarının həcmi, yerli emal gücü və müxtəlif enerji mənbələri Çini enerji şoklarından qoruyan əsas amillər kimi qiymətləndirilir.
Digər tərəfdən, süni intellektlə əlaqəli məhsul və xidmətlərin güclü ixracı Asiya-Sakit okean regionundakı bir çox ölkənin iqtisadiyyatını dəstəkləyir. Bununla belə, region ölkələri enerji tutumlu iqtisadi quruluşa malik olduqları və neftlə təbii qaz idxalında əsasən Hörmüz boğazından asılı olduqları üçün həssas vəziyyətdə qalırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!
