"Fitch" beynəlxalq reytinq agentliyi "Dəmirbank" ASC-nin uzun müddətli emitent üzrə defolt reytinqini "B-"-dən "CCC"-ə, dayanıqlılıq reytinqini isə "CCC"-dən "F"-ə endirib. Bu barədə agentliyin rəsmi internet səhifəsinə istinadən xəbər verilir.
Bankın reytinqinin dəyişdirilməsi Neqativ Reytinq Monitorinqi əsasında həyata keçirilib. Məlumatda o da qeyd olunur ki, "Fitch" bundan sonra kommersiya marağını əsas tutaraq "Dəmirbank"ın reytinqini qiymətləndirməyəcək.
Agentlik Bankın dayanıqlılıq reytinqinin "f" səviyyəsinə endirilməsini kapitalında yaranan kəsirlə əlaqələndirir. Agentlik hesab edir ki, "Dəmirbank" ASC Azərbaycan Mərkəzi Bankının (AMB) kapitalın adekvatlılıq normativlərinə riayət edə bilmir və qısa zamanda kənar kapital dəstəyinə ehtiyacı var.
"Dəmirbank"ın emitentin uzunmüddətli defolt reytinqinin azaldılması isə "Fitch"in fikrincə Bankın kapitalının azalması və zəifləyən likvidlik mövqeyi səbəbindən kreditorlar qarşısında təmin olunmayan tələblər üzrə öhdəliklərdə real defolt riskini əks etdirir. "Dəmirbank" səhmdar kapitalının 50 mln. manat olduğunu elan etsə də, Agentlik bunun Bankın ödəmə qabiliyyətinin bərpası üçün kifayət etməyə biləcəyini açıqlayıb. Belə ki, Bankın 90 günü keçmiş problemli kreditlərinin həcmi 118 mln. manat, bu məbləğə tətbiq olunan faiz ödənişlərinin isə 30 mln. manata çatdığını bildirib.
"Fitch" sentyabrın 15-də "Dəmirbank" ASC-nin emitentin uzunmüddətli defolt reytinqini "B"-dən "B-"a, dayanıqlılıq reytinqini isə "b"-dən "ccc"-yə endirib.
Mənbə: Report.az