"Fitch" Azərbaycanın suveren reytinqlərini sabit proqnozla təsdiq edib | Banco.az

"Fitch" Azərbaycanın suveren reytinqlərini sabit proqnozla təsdiq edib

Beynəlxalq "Fitch Ratings" reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqlərini ("RDE") "BBB-" səviyyəsində təsdiq edib. Trend xəbər verir ki, bu barədə agentliyin cümə günü yaydığı məlumatda deyilir.

Reytinqlər üzrə proqnoz "Sabit"dir.

Həmçinin ölkənin xarici və milli valyutada prioritetli təmin edilməmiş istiqrazlarının reytinqləri də "BBB-" səviyyəsində təsdiq edilib. Ölkə üçün maksimal hədd "BBB-", xarici valyutada qısamüddətli "RDE" isə "F3" səviyyəsindədir.

Azərbaycanın reytinqlərinin təsdiq edilməsi hasilatın növbəti beş il ərzində bütovlükdə sabit qalacağı barədə "Fitch"in gözləntilərinin sübutudur.

Məlumatda deyilir: "2013-cü ildə neft hasilatı 0,3 faiz artdı və bu, 2010-cu ildən müşahidə olunan kəskin azalmanın sonu oldu. Yeni yataqlar və hökumətin BP-nin başçılıq etdiyi konsorsiumla məhsulların bölgüsü haqqında müqaviləsinin mümkün genişləndirilməsi hasilatın təbii azalması templərini nizamlayacaq. 2013-cü ilin dekabrında "Şahdəniz-2" layihəsinin iştirakçıları Avropaya ixrac marşrutunu seçdikdən sonra təbii qazın ixracı üzrə proqnoz daha konkret oldu".

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin analitikləri qeyd edirlər ki, hökumət Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertləri tədricən azaltmağı və daha çox qeyri-neft gəlirləri yaratmağı planlaşdırır.

Analitiklər bildirirlər ki, Azərbaycan mart ayında 1,25 milyard dollarlıq 10 illik suveren avroistiqrazların debüt emissiyasını apararaq özünün istiqraz bazarında iştirakını təmin edib.

Məlumatda deyilir: "Büdcə göstəricilərinin möhkəmləndirilməsinə baxmayaraq, dövlət büdcəsinin kəsiri olacaq. ARDNF də daxil olmaqla birləşdirilmiş büdcə balanslaşdırılmış büdcəyə yaxın olacaq".

"Fitch" qeyd edir ki, Azərbaycanın dövlət balansı reytinq verilən suveren emitentlər arasında ən güclüsüdür və reytinqi dəstəkləyir.

Agentliyin analitikləri Azərbaycan iqtisadiyyatının qısamüddətli perspektivdə orta artımını proqnozlaşdırırlar.

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et