​"Fitch": Azərbaycan banklarının problemli kreditləri artacaq | Banco.az

​"Fitch": Azərbaycan banklarının problemli kreditləri artacaq

"Fitch" beynəlxalq reytinq agentliyi post-devalvasiya dövründə Azərbycan bank sektorunu dəyərləndirib. "Report"un "Fitch" agentliyinə istinadən verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində baş verən manatın devalvasiyası Azərbaycan banklarına mənfi təsir edib və onların problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaranıb. Agentlik bildirib ki, problemli kreditlərin həcminin daha da artacağı ehtimal edilir.

"Fitch"in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə yüksəlib. Qeyd olunur ki, 2014-ci ilin sonunda bu göstərici 8,3% olub. 

***

Agentlik 2016-cı ildə Azərbaycanda 3,3% iqtisadi geriləmə olacağını və nəticədə, bank aktivlərinin keyfiyyətinin pisləşəcəyini bildirib. Analitiklər 2015-ci ilin yekununda bank kreditlərinin 51%-ə yaxın hissəsinin xarici valyutada olması və hedc edilməməsi, problemli kreditlərin 15%-nin yenidən restrukturizasiya olunmaması səbəbindən bank sektoru üzrə aktivlərin keyfiyyətinin aşağı səviyyədə olduğunu düşünürlər.

Ümumi monitorinq zamanı Agentlik Azərbaycan banklarının kapitallaşmasının da zəiflədiyini bildirib. Bir çox kommersiya bankında kapitalın adekvatlıq əmsalı 2015-ci ildə 3-5 bənd azalıb. Kommersiya banklarının göstəricilərinin normativlərə uyğunlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankı(AMB) minimum kapital əmsalını 12%-dən 10%-ə endirib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın ən böyük bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı(ABB) problemli kreditlərindən 3 mlrd. manatlıq hissənin transfert edilməsi nəticəsində məcmu kapital əmsalını 12% ətrafında qoruyub saxlaya bilib. Buna baxmayaraq, "Fitch" ABB-nin daha 3 mlrd. manatdan artıq həcmdə təmin olunmayan problemli kreditlərinin olduğunu ehtimal edir. Agentlik 2016-cı ilin II rübündə Bankın kapitalına əlavə 500 mln. manat vəsaitin yatırılacağını proqnozlaşdırır.

"Fitch" bildirib ki, devalvasiya bankların 2015-ci ili zərərlə başa vurmasına səbəb olub və 2016-cı ildə də bank sektorunun gəlirlərinin problemli kreditlərdən yaranan zərərin örtməsinə sərf olunacağı proqnozlaşdırılır.

Dekabr 2015-ci il-yanvar 2016-cı ildə əhalinin bank depozitlərinin 10-15%-nigeri götürməsi müşahidə olunub. Yaranmış maliyyə likvidliyi problemini AMB və digər dövlət təşkilatları həll etməyə çalışır.

"Fitch"dən kredit reytinqi alan Azərbaycandakı 8 kommersiya bankından 7-si "neqativ" proqnoza sahibdir. ABB, "Paşa Bank" və "Accessbank"ın maliyyə dəstəyi aldığını bildirən Agentlik, bu bankların reytinqindəki hər hansı dəyişikliyi Azərbaycanın suveren reytinqindəki dəyişikliklə əlaqələndirəcəyini bildirib.