“FINCA Azerbaijan” BOKT yeni istiqrazlarını təqdim etdi | Banco.az

“FINCA Azerbaijan” BOKT yeni istiqrazlarını təqdim etdi

11 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında "FINCA Azerbaijan" MM BOKT-nin istiqrazlarının ticarətə başlaması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

Ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları həcmində olan yerləşdirmənin anderrayteri Bakı Fond Birjasının üzvü olan “Unicapital İ.Ş.” ASC-dir. İstiqrazların illik faiz dərəcəsi 9%, illik ticarət qiyməti 1,000 ABŞ dollar və tədavül müddəti 18 ay təyin edilmişdir.

Tədbir zamanı emitent tərəfindən "FINCA Azerbaijan", Bakı Fond Birjası və BFB-nin üzvü olan Unicapital İnvestisiya Şirkətinin nümayəndələri iştirak etmişdir. Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov tədbiri açıq elan edərək, "FINCA Azerbaijan" şirkətinin BFB vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasındakı əhəmiyyətini vurğulamışdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınmış və Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılmışdır.

Qeyd edək ki, “FINCA Azerbaijan” 1999-cu ildən Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərərək  ölkədə kənd sahibkarlarının və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirməklə mikromaliyyə  və maliyyə inklüzivliyi sahəsində aparıcı təşkilatdır.  Azərbaycanda 25 filial şəbəkəsi ilə fəaliyyət göstərən “FINCA Azerbaijan” “FINCA Impact Finance” Şəbəkəsinin bir qoludur. “FINCA Impact Finance” aztəminatlı şəxslərə və cəmiyyətlərə sosial məsuliyyətli maliyyə xidmətləri təklif edən və cəmiyyətin gələcəyinə investisiya qoyan 20 mikromaliyyə qurumu və banklardan ibarət olan şəbəkəni əhatə edir.  Şəbəkənin əsas iştirakçısı aztəminatlılara iqtisadi inkişaf yaratmaqda dəstək olmağı hədəf qoymuş mikromaliyyə və  qeyri-kommersiya qurumu  “FINCA International”dır