Mütəxəssislərin sözlərinə görə, turizmin inkişafında mədəniyyət və təbiət incilərinin rolu olduqca böyükdür
Bütün dünyada məşhur olan "Game of Thrones" serialı səhnələrinin çəkildiyi ölkələrə əhəmiyyətli töhfə verib. Mətbuatda gedən məlumatlara görə, serialın çəkildiyi İslandiya, İspaniya, Xorvatiya və Şimali İrlandiyaya səfər edən turistlərin sayı artıb. Şimali İrlandiya Belfastda çəkilən səhnələr sayəsində 100 milyon dollar qazanıb. Xorvatiyanın, Dubrovnik və Split başda olmaq üzrə müxtəlif yerlərində çəkilən səhnələr, Balkan ölkəsinə illik 10 faiz artımla 12 milyon turist cəlb edib. Yalnız Dubrovnik illik 10 milyon dollar əlavə gəlir əldə edib.
Çəkilişləri İslandiyada keçirilən səhnələr isə İslandiya hotellərinin onlayn tətil səhifələrindəki axtarış nisbətini 250 faiz artırıb və 330 min əhalisi olan ölkəyə 1.3 milyon turist gətirib. Məşhur serial İspaniyanın cənubundakı 18 min əhalili Osuna kəndində turist sayını 75% artırıb.
Serialın böyük bir hissəsi Xorvatiyada çəkilib, film ekranlara çıxandan sonra ölkəyə gələn turist sayı artıb. 2016-cı ildə Xorvatiyaya 12 milyon turist gəlib, sorğu nəticəsində məlum olub ki, həmin turistlərin 5 milyon nəfəri məhz serialda gördükləri yerlərə görə bu ölkəni seçiblər. Bu nümunə əslində çox şey ifadə edir. Turizmi inkişaf etməkdə olan ölkəmiz üçün əslində yaxşı reklam üsullarından biri də bu tip mədəniyyət nümunələri ola bilər. Bəs biz bu üsuldan nə dərəcədə istifadə edirik? Hansı üsullardan yararlana bilərik?
Marketinq aləti
Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov "Kaspi”yə açıqlamasında bildirdi ki, mədəniyyət nümunələrindən dünyada həm də bir marketinq aləti kimi istifadə edilir: "Ölkələr özlərinin brend olması, dəyərlərini, yaxud hansısa yaşayış yerini, bir ənənəni, məhsulu, milli mətbəx nümunəsini brend, marka etmək üçün mədəniyyət vasitələrindən yararlanırlar. Bu, filmlər, kütləvi tirajı olan, yaxud milyonlarla insanın izlədiyi tanınmış insanların vasitəsilə çəkilən hansısa video çarxlar ola bilər. Məsələn, tanınmış bir futbolçu videoçarxda deyir ki, mən hər səhər bu suyu içirəm, səhhətimə yaxşı təsir edir, faydalıdır. Su filan ölkədədir, filan şəhərindədir, hansısa bulaqdadır və s. Bu üsullardan dünyada geniş istifadə olunur. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır. "Əli və Nino”nun son səhnəsində Azərbaycanın ən məşhur tarixi dəyəri olan, qorunan Simens körpüsündən istifadə olunub. Xızı dağlarının əsrarəngizliyi, Qobustan qayaları kadrlara salınıb. "Ceyms Bond” filminin Bakıda çəkilən hissəsində neft buruqları, Bakı buxtası da çəkilib”.
"Bizi tanıdacaq filmlərin çəkilməsinə ehtiyac var”
E.Aslanov deyir ki, filmlərimizin turizmimizin təbliğatında daha çox rolu olması üçün görülən daha bir iş film festivalının keçirilməsidir: "Bu işə professional və kompleks yanaşma üçün Azərbaycanda artıq bir neçə ildir ki, Turizm Filmləri Festivalı keçirir. Ölkəmizdə turizm filmləri çəkən rejissorlar, ssenaristlər, bloggerlər dəvət olunur. Azərbaycanın belə festival təşkil etməsinin məqsədlərindən biri də ölkəmizin malik olduğu dəyərlərin dünyada populyarlaşdırılması üçün necə ssenarilərin yazılmalı, hansı filmləri çəkmək lazım olduğunu, daha peşəkar prodüser şirkətləri ilə işləmək kimi istiqamətləri gücləndirmək məqsədi daşıyır. Xarici rejissorlar festival çərçivəsində gələrkən ölkəmizdə master klasslar keçirirlər, Azərbaycanla bağlı qısametrajlı filmlər çəkirlər. Həmin filmlərdən bir çoxunu tanınmış nümunə olaraq deyə bilmirəm. Amma yəqin ki bunun üçün zaman lazım olacaq. Həmin prodüser şirkətləri dünyada olan məşhur böyük büdcəli filmləri çəkərkən belə, qısametrajlı filmlərin xammalından istifadə edirlər. Yaxud bu əlaqələr bir çox cəhətdən önəmlidir. Bu film festivalı bizə gələcəkdə dediyim kimi nümunələrə çıxmaq üçün bir fürsətdir. Yəni, hökumət bunu düşünülmüş şəkildə edir”.
E.Aslanov deyir ki, tanınmağımızı gücləndirəcək, bizi dünyada məşhur edəcək filmlərimizin çəkilməsinə ehtiyac var: "O cür işlər böyük büdcəli olur. Hansısa ölkə öz təbiəti, tarixi və yaxud etnoqrafik dəyərlərini bu filmlər vasitəsilə təbliğ etmək istəyirsə, dolayısı il Ən sərfəli kredit üçün müraciət et
ə ona şirkətləri, ölkənin tanıtım ofisləri, turizm təbliğat bürosu bir növ sponsorluq edir. Hər halda, gələcəkdə bizim əsas vəzifəmiz hansısa üsullarla Azərbaycanın malik olduğu dəyərləri təbliğ etmək olmalıdır”.
Estetik zövq, rejissorluq qabiliyyəti, maliyyə...
Çox uzağa getməyək. Elə Türkiyə istehsalı olan seriallarda, filmlərdə daha çox qabardılan, tanıdılan məqam "türk qəhvəsi”dir. Hətta Türkiyədə olanlar o qəhvənin filmlərdə təqdim edildiyi qədər möcüzəvi bir dadı olmadığını deyirlər. Bu da onu göstərir ki, onlar gözəl təbliğat aparmağı bacarırlar. Seriallarında, filmlərində ölkələrinin maksimum dərəcədə turistlər üçün maraqlı olacaq yerlərini, nümunələrini insanların beyninə bir növ yeridirlər. Bizdə də seriallar çəkilir, düzdür, böyük auditoriyası olmasa da, amma zamanla inkişaf getsə, buna da nail olacağıq. Serial və filmləri ekranlaşdıranların çəkilişlər zamanı bu kimi hallara diqqət etməsi üçün təklif və ya tələb formasında hər hansı iş aparılmasına ehtiyac varmı? E.Aslanov deyir ki, belə bir tələb qoyulsa, yaxşı olar: "Ehtiyac da var. Əslində, bu, ehtiyacdan daha çox zərurətdir. Biz artıq bu istiqamətdə işi o səviyyəyə çatdırmalıyıq ki, o vasitə ilə Azərbaycanın turizm potensialını təbliğ edə bilək. Amma burada çox komponent bir arada olmalıdır. Birincisi, bunu duymaq və kifayət qədər estetik zövqlə, rejissorluq qabiliyyəti ilə təqdim etmək üçün kadr potensialımız olmalıdır. İkincisi, ona uyğun uğurlu ssenarilər yazılmalıdır. O ssenarilər ki, milli mətbəximizi, geyimlərimizi, adət-ənənələri, bütün etnoqrafik dəyərləri, təbiət və tarixi abidələrimizi göstərə bilsin, onların imkanlarını ortaya qoysun. Bu ikisi olduqda üçüncü məsələ - işin maliyyə əsasları ortaya çıxır. O nöqteyi-nəzərdən hər halda görüləcək işlər daha çoxdur”.
"Kino çəkilişlərinin sadəcə marketinq deyil, həm də iqtisadi effekti var”
Marketoloq Seymur Quliyev bildirdi ki, həqiqətən də yuxarıda qeyd etdiyimiz serial çəkildiyi ölkələrin turizminə olduqca böyük təsir göstərib. Bu isə ölkə iqtisadiyyatı üçün gəlir deməkdir: "Teleserialın çəkildiyi əraziləri görmək istəyən turistlər çəkilişin olduğu ölkələri və məkanları ziyarət edir və nəticədə o ölkələr turist bumuna məruz qalır. Bu isə külli miqdarda vəsait qazanmaq deməkdir. Məsələn, kinonun çəkildiyi Belfast şəhərinin son 5-6 il ərzində turistlərdən qazancı 150 milyon pound olub. Kiçik sahil qəsəbəsi olan və ölkə turizmində böyük rolu olan Dubrovnik və digər çəkiliş məkanları sayəsində Xorvatiyanın 2016-cı ildə qəbul etdiyi 12 milyon turistin 5 milyonu məhz "Game of Thrones" izləyiciləridir”.
S.Quliyevin sözlərinə görə, Azərbaycanda turist cəlb etmək üçün kifayət qədər tarixi məkan var. Amma bu ərazilərin hansısa kino və ya teleserial çəkilişi məkanı olması üçün əvvəlcə, ölkənin bir brend kimi tanıdılması vacibdir: "Ölkəyə film çəkilişlərini cəlb etmək üçün münbit şəraitin formalaşdırılması, stimullaşdırıcı dövlət proqramlarının hazırlanması və tətbiqi mütləqdir. Kino çəkilişlərinin sadəcə marketinq deyil, həm də iqtisadi effekti var. Çəkiliş zamanı müvəqqəti və daimi iş yerlərinin açılması, ölkə büdcəsinə dolayı və birbaşa vergilərin ödənilməsi olur.”.
"Kino çəkilişləri də olacaq, onlara baxıb gələn turist də gələcək”
Marketoloq qeyd etdi ki, ümumilikdə ölkə turizminin tanıdılması üçün kino marketinqinin əhəmiyyəti olduqca vacibdir: "Ölkənin tanıtım fəaliyyətlərindən biri kimi istifadə olunan kinolarda çəkiliş məkanları olaraq ölkənin ən dəyərli, baxımlı, dünyada analoquna az rastlanan, qəribə və bir qədər də füsunkar əraziləri seçilir. Bu ərazilər çəkiliş zamanı daha qabarıq vəziyyətdə tamaşaçılara çatdırılır və izləyicilərdə o yerləri görmək arzusu yaranır. Çində yaşayan biri Belfast şəhərinin harda olduğunu bilmir, amma "Game of Thrones" sayəsində məlumatlanır və buranı və çəkiliş məkanlarını görmək üçün minlərlə kilometr məsafə qət edərək Şimali İrlandiyaya gedir. Qısası, ölkə turizminin inkişafında mədəniyyət və təbiət incilərinin rolu olduqca böyükdür. Azərbaycan da bu potensiala sahibdir. Qarşıda duran əsas vəzifə ölkənin bu potensialını dünyaya çatdırmaq və tanıtmaqdır. Bu edildikdən sonra kino çəkilişləri də olacaq, onlara baxıb gələn turist də”.
Mənbə: kaspi.az Müəllif : Aygün Asimqızı